Finss.az - Fransanın aparıcı sığorta şirkətlərindən biri olan AXA SA, 2025-ci ilin ilk rübündə ümumi sığorta haqları və digər gəlirlərinin 7% artaraq 37 milyard avroya çatdığını açıqlayıb.
Bu barədə şirkətin 6 may tarixində dərc olunan fəaliyyət hesabatında məlumat verilib.
Şirkət bütün əsas biznes sahələrində böyümə nümayiş etdirib. Əmlak və bədbəxt hadisələrə qarşı sığorta üzrə gəlirlər 7% artaraq 21 milyard avroya, həyat və sağlamlıq sığortası üzrə gəlirlər isə 8% artaraq 15,5 milyard avroya çatıb.
AXA-nın maliyyə direktoru Alban de Maily Nesl, açıqlamasında qeyd edib:
"AXA ili güclü göstəricilərlə başlayıb və bütün biznes sahələrində davamlı gəlir artımı əldə edib. Bu nəticələr strategiyamızın intizamlı icrası və həcm ilə qiymət arasında düzgün balansın göstəricisidir."
Əmlak və bədbəxt hadisələrə qarşı sığorta seqmentində artım həm fərdi, həm də kommersiya sığortası sahəsində müşahidə olunub. Şirkət bu artımı müsbət qiymət siyasəti və müştəri bazasının genişlənməsi ilə əlaqələndirib.
Həyat və sağlamlıq sığortası sahəsində isə artım investisiya yönümlü məhsulların satışları, kapital baxımından yüngül yığım məhsulları və korporativ əməkdaş sığortası sahəsindəki uğurlarla izah olunur.
Bundan əlavə, AXA xalis vəsait axınının da artdığını və bunun satışların yüksəlməsi və müştəri loyallığının güclənməsi ilə bağlı olduğunu bildirib.
Şirkətin Solvency II standartlarına əsasən ödəmə qabiliyyəti əmsalı 2025-ci ilin birinci rübündə 213% təşkil edib. Bu göstərici 2024-cü ilin sonuna nisbətən 3 bənd aşağı olsa da, AXA balansını “etibarlı” adlandırıb və ehtiyatlı investisiya siyasətinin rolunu vurğulayıb.
AXA rəhbərliyi "Unlock the Future" adlı strateji planın icrasına sadiq olduqlarını və bu istiqamətdə inamla irəlilədiklərini bəyan edib.