Finss.az - Azərbaycanda dövlət tərəfindən dəstəklənən aqrar sığorta mexanizmi çərçivəsində bostan bitkilərinin, o cümlədən qarpızın sığortalanması mövsümü başlayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Fermerlər artıq əkin sahələrini dolu, sel, qasırğa, vəhşi heyvan hücumu kimi risklərə qarşı güzəştli şərtlərlə sığortalaya bilirlər. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Məsələn, Sabirabadda 1000 manatlıq məhsulun sığortalanması fermerə cəmi 11,3 manata başa gəlir.
Hazırda ölkə üzrə 14,5 min hektar qarpız sahəsi mövcuddur, onun 40 faizi Mil-Muğan regionuna aiddir. 2024-cü ildə məhsuldarlıq hər hektarda 280 sentner təşkil edib. Son üç ildə qarpız ixracı 6,5 milyon dollardan 4,3 milyon dollara qədər dəyişib.
Ötən il Samux və Kürdəmir rayonlarında zərər çəkmiş fermerlərə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 107 min manatdan çox sığorta ödənişi verilib.