“Azərbaycanda zəngin voleybol ənənələri var. Mənim də hədəfim təcrübəmi burada olan gənclərlə bölüşməkdir”.
Bu sözləri Finss.az açıqlamasında qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası”nın italiyalı baş məşqçisi Covanni Torçio yeni mövsüm barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis ölkə çempionatı və kubokda uğurlu nəticə qazanmağı hədəflədiklərini bildirib: “Yeni mövsümə ölkə kuboku çərçivəsində “Abşeron”a qarşı keçiriləcək oyunla başlayırıq. Çətin matç olacaq. Rəqibimiz heyətinə güclü voleybolçular cəlb edib. Bu il Azərbaycan çempionatı çox maraqlı olacaq. Bunu komandaların reallaşdırdığı transferlər göstərir. Mənim də məqsədim “Milli Aviasiya Akademiyası”nı yüksək yerlərə gətirməkdir. Bu klub çempionatda ikinci ilinə daxil olacaq. Hədəfim mübariz kollektiv qurmaqdır. İnanıram ki, birgə əmək sayəsində bunu bacaracağıq”.
O, Azərbaycandakı həyat tərzindən də söz açıb: “Bakıdakı həyatımdan çox razıyam. Burada ideal şərait var. Bakı şəhəri barədə isə yalnız xoş sözlər deyə bilərəm”.
Qeyd edək ki, oktyabrın 28-də “Milli Aviasiya Akademiyası” ölkə kubokunun qrup mərhələsi çərçivəsində “Abşeron”la qarşılaşacaq. Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Kaira Agayeva
Finss.az