Finss.az – İran ABŞ-la yeni nüvə sazişinin imzalanmasına açıq qapı saxlayır, lakin rəsmi Tehran razılığın yalnız bir şərtlə mümkün ola biləcəyini bəyan edib – uranın zənginləşdirilməsi üzrə yaradılacaq regional konsorsium yalnız İran ərazisində yerləşməlidir.
Bu barədə Axios portalı İran hökumətindəki adı açıqlanmayan yüksək rütbəli mənbəyə istinadla xəbər yayıb. Mənbənin sözlərinə görə, əgər konsorsium ölkə daxilində fəaliyyət göstərəcəksə, Tehran bunu ciddi şəkildə nəzərdən keçirməyə hazırdır. Əks təqdirdə, bu təşəbbüsün uğursuzluğa düçar olacağı vurğulanıb.
Qeyd edək ki, konsorsiumun yaradılması təklifi ABŞ Prezidenti xüsusi nümayəndəsi Stiv Uitkof tərəfindən Oman vasitəsilə İrana təqdim edilib. Təklifə əsasən, İran gələcəkdə uranı yalnız mülki məqsədlər üçün zənginləşdirə bilər və zənginləşdirmə səviyyəsi maksimum 3% həddində saxlanmalıdır.
İranın cavabı yaxın günlərdə gözlənilir
Ağ Evin mətbuat katibi Kerolayn Levitin sözlərinə görə, ABŞ tərəfi “ətraflı və məqbul” hesab edilən bu təklifi İran rejiminə təqdim edib və bunun qəbul edilməsinin Tehran üçün də faydalı olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə sosial şəbəkə paylaşımında təklifi aldığını təsdiqləyərək bildirib ki, İran cavabını milli maraqlar və ölkə prinsiplərinə uyğun şəkildə verəcək.
Bununla belə, Əraqçi bəzi texniki və siyasi qeyri-müəyyənliklərə diqqət çəkərək, təklifdə bir sıra məsələlərin hələ də aydın olmadığını bildirib. Onun sözlərinə görə, Tehran bu problemlərin dəqiqləşdirilməsini gözləyir.
Yeni danışıqlar raundu gözlənilir
Axios-un məlumatına əsasən, Uitkof və Əraqçi arasında altıncı danışıqlar raundunun bu həftəsonu Yaxın Şərqdə baş tutacağı gözlənilir. Görüşün əsas gündəmini konsorsiumun yerləşəcəyi yer və sazişin texniki detallarının dəqiqləşdirilməsi təşkil edəcək.