SOSİUM

01 Yanvar
4

Sığorta-pensiya sistemində avtomatlaşma Azərbaycanı 32 pillə irəli saldı

Azərbaycan Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) illik "Doing Business-2015" hesabatında 8 pillə irəlilədi və 80-ci yeri tutdu. Mübaliğə etmədən deyə bilərik ki, retinq cədvəlində ölkəmizin mövqeyinin yaxşılaşmasında Dövlət Sosial Müdafidə Fondunun (DSMF) fəaliyyəti həlledici rol oynayıb. Çünki, hesabata əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması sahəsində, orta irəliləyiş göstəricisindən 4 dəfə artıq, yəni 32 pillə irəliləyib. Bu isə, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Elektron xidmətlərdə öndə

Fondun fəaliyyətinin beynəlxalq maliyyə qurumlarının diqqətini cəlb etməsi təbiidir. Azərbaycanda sığorta-pensiya sistemi, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının ödənişi, hesabat sistemi tamamilə avtomatlaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi ilə əhaliyə göstərilən elektron xidmətlərin sayı sürətlə artır. “Elektron hökumət” portalının (www.e-gov.az) statistikasına əsasən, DSMF-nin elektron xidmətləri ən çox istifadə olunan xidmətlər sırasındadır. Həm adı çəkilən portal, həm də DSMF-nin rəsmi internet səhifəsi (www.dsmf.gov.az) vasitəsilə 2013-cü ildə 700 min vətəndaş və elə bu qədər də təkcə bu ilin 9 ayında elektron xidmətlərdən yararlanıb. Amma bu, hələ hamısı deyil.

Avropa Sosial Xartiyasına uyğun pensiya

Oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 286 min əmək pensiyaçısı var. Onların 61%-i və yaxud 783 min nəfəri yaşa görə pensiya alır. Ölkə üzrə əmək pensiyalarının orta məbləği 173 manat olduğu halda, yaşa görə pensiyaya çıxanlara hər ay 192 manat pul ödənilir. Bu isə orta aylıq əmək haqqının 43%-ni təşkil edir və Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.
Ümumiyyətlə isə, 2006-cı ildən, müasir sığorta-pensiya sisteminin fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb. DSMF-yə daxilolmaların dinamikası bəzən pensiyaları vaxtından əvvəl də maliyyələşdirməyə imkan verir. Məsələn, bu ilin mart, may, avqust və sentyabr ayları üzrə pensiyaların şəxsi hesablara köçürülməsi məsələsi ay başa çatmamış həll edilib.

Pensiya kapitalı toplayanlar

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı sürətlə artır. Məsələn, bu il, sentyabrın 1-nə fərdi şəxsi hesabı açılan vətəndaşların sayı 2 milyon 865 min nəfərdən çox olub ki, bunun da təxminən 174 mini 2014-cü ildə qeydiyyata düşüb. Beləliklə, ilin əvvəli ilə müqayisədə qeydiyyatda olan sığortaolunanların sayı 6,5% artıb. Onlar 2006-cı ildən Azərbaycanda tətbiq olunan “Əmək pensiyaları haqqında” Qanuna əsasən, özlərinə pensiya kapitalı toplayırlar. Bu prosesdən əcnəbilər də kənarda qalmayıb.
Sentyabrın 1-nə, DSMF-nin fərdi uçot sistemində qeydiyyata düşən əcnəbi vətəndaşların sayı 18658 olub ki, bu da ilin əvvəli ilə müqayisədə 9,1% və yaxud 1557 nəfər çoxdur. Təbii olaraq, fərdi şəxsi hesabı açılan əcnəbilər arasında Azərbaycanla həmsərhəd olan ölkələrin – Türkiyə, Gürcüstan və Rusiyanın vətəndaşları üstünlük təşkil edir. Elə DSMF-yə xaricdən daixl olan müraciətlərdə də bu 3 ölkə üstün mövqeyə malikdir.

Nağdsız hesablaşmalara dəstək

DSMF Azərbaycanda nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinə də tövhəsini verməkdədir. Fondun ötən ilin əvvəlində istifadəyə verdiyi “Pensiya +” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahiblərinə avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılıb. Həmin məbləğdən bir sıra ticarət müəssisələrində nağdsız alış-veriş zamanı istifadə olunur ki, bu da avtomatik olaraq pensiyaçılarda nağdsız alış-veriş vərdişi yaradır. Başqa sözlə, pensiyaçılar plastik kartlardan təyinatı üzrə yararlanmağa başlayıblar. Bir qədər əvvəl DSMF-nin saytında keçirilmiş sorğu nəticəsində isə məlum olub ki, “Pensiya+” xidməti plastik kartlar vasitəsilə vəsaitin nağdlaşdırılması hallarını azaldıb.

Dövlətə məxsus olmayan pensiya fondları

Bu ildən Azərbaycanda qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə dair qanunvericilik bazasının hazırlanmasına başlanılıb. Dövlətə məxsus olmayan (özəl) pensiya fondlarının inkişafı vətəndaşlara pensiya təminatını gücləndirmək üçün əlavə imkanlar yaradacaq. Hazırda bu istiqamətdə Avropa İttifaqı ilə müzakirələr aparılıq, beynəlxalq təcrübə öyrənilir, özəl pensiya fondlarının lisenziyalaşdırılması, onların öz öhdəliklərini yerinə yetirməsi üçün mexanizmlərin işlənməsi, pensiya vəsatilərinin maliyyə bazarına cəlb olunması məsələləri nəzərdən keçirilir.

İctimaiyyətə yaxınlıq

DSMF-nin fəaliyyətinin müsbət məqamlarından biri də onun ictimaiyyətə yaxın olması, pensiya-sığorta sistemindəki yeniliklər, həyata keçirilən islahatlar haqqında ölkə vətəndaşlarının vaxtaşırı məlumatlandırılmasıdır. Məsələn, təkcə bu il Fond 4 dəfə - Bakı şəhərində, Masallı, Şəmkir və İmişli rayonlarında “Açıq qapı günü” – vətəndaş forumları keçirib. Quba, Şirvan, Gəncə, Lənkəran, Qəbələ, Yevlax, Zərdab və Xaçmaz rayonlarında isə DSMF-nin təşkilatçılığı ilə regional təqdimatlar təşkil olunub. Bu tədbirlərdə iştirak edən sığorta ödəyicilərinin və pensiyaçıların sualları cavablandırılıb, onların təklifləri müzakirə olunub.

Sədr sizi eşidir

2014-cü ilin əvvəlindən bəri DSMF-nin sədri Elman Mehdiyev Quba, Sumqayıt, Saatlı, Gəncə, Zərdab, Tovuz, Ağsu, İsmayıllı və Lənkəranda vətəndaşlar üçün qəbullar keçirib. Qəbullarda təxminən 300 nəfərin sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb, qaldırılan məsələlərin həll olunması üçün Fondun müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin digər vəzifəli şəxslərə konkret tapşırıqlar verilib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Bir sözlə, görünən odur ki, DSMF-nin atdığı addımlar, gördüyü işlər nəticəsiz qalmayıb və "Doing Business-2015" hesabatında öz əskini tapıb. Fond həm öz üzünü, həm də Azərbaycanın üzünü ağ edə bilib.

Qeyd: Bu yazı Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzusunda müsabiqəyə təqdim olunur.

Müəllif: Namiq Hüseynov