SOSİUM

16 Sentyabr
5

60 milyonluq biznesə 2 şirkət nəzarət edir – MƏKTƏBLİ FORMALARI

Ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı və onun şaxələnməsi üçün vacib şərtlərdən biri də azad sahibkarlığın və ədalətli rəqabət şəraitinin yaradılması, inhisarçılığın qarşısının alınmasıdır. Bu hədəflər ölkə rəhbərliyi tərəfindən də dəfələrlə səsləndirilib. Buna baxmayaraq hələ də bəzi sahələrdə - hansı ki, burada sahibkarlara asanlıqla bərabər şərait yaratmaq olar – yenə də süni inhisarçılıq hökm sürür. Nəticədə sahibkarların əksəriyyəti biznes imkanından kənarda qalıb. Bu sahələrdən biri də hər dərs ilinin əvəlində gündəmə gələn məktəbli formaları biznesidir.

60 milyonluq biznes

Təhsil Nazirliyi 2016-2017-ci tədris ilində orta məktəblərə gedəcək şagirdlərin ümumi sayını açıqlayıb. Nazirliyin məlumatına görə, bu il orta məktəblərdə ümumilikdə 1 415 242 şagird təhsil alacaq. Ölkə qanunvericiliyinə görə, şagirdlərin hər biri məktəbli forması ilə təmin edilməlidir. Bu geyimləri isə ölkədə cəmi bir şirkət- Bakı Tikiş Evi (BTE) tikir. Bu fabrik illərdir məktəbli forması bazarında tək işləyir. Qiymətləri də özü müəyyən edir: İbtidai sinif şagirdləri üçün formanın qiyməti 37 manat, yuxarı siniflər üçün forma isə 46 manata satılır. Şagirdlərin sayını və məktəbli formalarının orta qiymətini (42 manat) nəzərə alanda hər il valideynlər məktəbli formalarının alınmasına 59,5 milyon manat xərcləyirlər. Bütün bu pullar Bakı Tikiş Evinə çatır.

Niyə ancaq BTE?

Fins.az-ın araşdırması göstərdi ki, bu il daha 1 şirkət – «Bakı Tekstil Fabriki» MMC məktəbli formalarının tikilməsi üçün uğunluq sertifikatı alıb. Sertifikata əsasən, MMC 2017-ci ilin iyun ayıdadək forma tikə bilər.

Lakin buna baxmayaraq, ticarət mərkəzlərində ancaq “BTE” markası ilə məşhur olan formalar satılır. Məktəbli forması bazarı isə kiçik deyil. Qeyd etdiyimzi kimi, təkcə bu il 1 415 242 nəfər məktəbə gedəcək. Bir nəfərin formasını orta hesabla 42 manatdan qiymətləndirsək, həmin məktəblilərə satılan formaların ümumi qiyməti 59,44 milyon manat edir. Əgər bu il duşə düşən 2 yeni şirkəti də nəzərə alsaq, bu qədər vəsait cəmi 2 şirkətin əlində cəmlənib. Onun da böyük hissəsi BTE-nin payına düşür.

Rəqabət qiyməti aşağı salacaq

Doğrudur, məktəbli formaları bazarına başqa şirkətlər – sexlər və tikiş müəssisələri də daxil olmağa çalışırlar. Belələri təsdiq edilmiş məktəbli formasının maketini əsas tutmaqla öz məhsullarını buraxırlar. Amma onlara qarşı sərt nəzarət tədbirləri görülür. Standartlaşdırma, Patent və Metrologiya üzrə Dövlət Komitəsinin nəzarətçiləri mütəmadi olaraq belə sexlərin fəaliyyətinin, daha dəqiqi burada məktəbli formalarının tikilməsinin qarşısını alırlar.

Daha ucuz qiymətə məktəbli forması istehsal edib satan şirkətlərə qarşı isə mətbuatda da güclü PR kampaniyası aparılır və onların mallarının keyfiyyətsiz olduğunu iddia edilir.

Bu vəziyyət isə bazarda faktiki inhisarçılığa malik olan şirkətlər üçün sərfəlidir.

Ancaq məktəbli forması istehsalında rəqabət olarsa, qiymətlər ucuzlaşa bilər. Xüsusilə, aztəminatlı ailələr üçün münasib qiymətlərə forma almaq şansı yaranar.

Hərə öz formasını seçə bilər

Xatırladaq ki, məktəbli formaları formal olaraq 2010-ci ildə məktəblərdəki valideyn-müəllim assosiasiyalarının sifarişi əsasında hazırlanıb. O zaman BTE-də 40 ədəd dizayn nümunəsi hazırlanıb. Onlardan yalnız 4-ü n məktəblilər üçün uyğun sayılaraq seçilib. Həmin formaların tikilməsi də ancaq BTE-yə həvalə edilib.

Digər tərəfdən məktəblərin də ixtiyarı var ki, öz forma dizaynını təqdim edərək tətbiq etsin. Paytaxdakı məktəblərin bəzilərində fərqli formalar olsa da əksər məktəblər, o cümlədən regionlardakı məktəblilər ancaq BTE-nin standart formalarını geyirlər. Bu da bazarda BTE-nin üstün mövqeyini qoruyub saxlayır. Nəticədə bu biznesə digər iş adamlarının və şirkətlərin yolu bağlanır.

BTE-nin dizayn fırıldağı

İqtisadçı-ekspert Əli Əhmədov bildirib ki, məktəbli formalarının bir fabrikdə tikilməsi ənənəsi Təhsil Nazirliyinin dizayn sifarişindən sonra yaranıb:

“Nə vaxt ki, Bakı Tikiş Evinin təklif etdiyi dizayn təsdiqləndi, onlar bu geyimləri özləri tikməyə başladılar. Başqa sözlə məktəbli formalarının tikintisi bütünlüklə Bakı Tikiş Evinə həvalə edildi. Tamailə səhv olan bu qərar Bakı Tikiş Evini faktiki olaraq inhisarçıya çevrib».

Ekspert bildirir ki, məktəbli forması bazarında rəqabəti təmin etmək üçün əslində nazirlik BTE-nə yalnız məktəbli formasının dizaynını sifariş etməli idi: «Formanın dizaynı ya hansısa dizayn şirkətinə sifariş verməli idi, ya da Bakı Tikiş Evinə tapşırıq verməli idi ki, onlara dizayn versinlər. Dizayn şirkəti də buna görə xidmət haqqını alıb kənara çəkilməli idi. Təhsil Nazirliyi təsdiqlənmiş dizaynı sayta qoymalı idi və bu formaların tikilişi açıq elan olunmalı idi. Yən kim buna əməl etmək istəyirsə, götürüb tikə bilər. Hətta kimsə hansısa dərzidə istəsə, bu formanı tikdirə bilər. Amma belə olmadı».

Bakıda məktəbli forması tikmək qadağan olunmalıdır

Ekspert deyib ki, Bakı Tikiş Evinin emblemi olmadan da məktəbli formaları tikmək olar: «Qanunla heç kəsin ixtiyarı yoxdur ki, həmin sexə məktəbli formalarını tikməyi qadağan eləsin. Onlar xüsusi razılıq əsasında formaları tikə bilərlər. Hansısa orqanın onlara maneçilik törətməsi qanunsuzdur».

Ə.Əhmədov bu işləri normal biznesə çevirmək üçün təkliflərini də səsləndirib: «Hər rayonun özünün müəssisələri olmalıdır. Fikrimcə, Bakıda məktəbli formalarının tikilməsi qadağan olmalıdır. Bu regionlarda həll olunmalı və iş yerləri açılmalıdır. Camaat gedib regionda da işləsin. Regionlarda maaşlar da aşağıdır, ona görə də hər halda malların maya dəyəri də aşağı olar».