SOSİUM

19 May

Pambığın alqı-satqısında elektron sənədləşmə sisteminə keçid planlaşdırılır

Finss.az - Azərbaycan kənd təsərrüfatında pambıq məhsulunun alqı-satqı prosesinin daha şəffaf və effektiv idarə olunması məqsədilə elektron sənədləşdirmə sisteminin tətbiqini nəzərdə tutur.

Pambığın qəbulu və satışı bundan sonra kağız daşıyıcılarda olan “pambıq qəbulu qəbzi” ilə deyil, elektron qaimə-fakturalar və malların alış aktları vasitəsilə rəsmiləşdiriləcək.

AZƏRTAC-ın xəbərinə görə, bu məsələ 19 may tarixində Milli Məclisdə “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Hazırda pambıq qəbulu xüsusi seriyalı ciddi hesabat blankı olan pambıq qəbulu qəbzi ilə sənədləşdirilir. Bu sənəd Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş forma və rekvizitlər əsasında hazırlanır və alıcı ilə satıcı arasındakı hesablaşmaların hüquqi əsasını təşkil edir.

Yeni layihə isə ənənəvi kağız qəbzlərin ləğvini və alqı-satqının tamamilə elektron mühitdə aparılmasını hədəfləyir. Elektron sənədləşməyə keçid həmçinin kənd təsərrüfatında dövlət dəstəyi mexanizmlərinin tətbiqində əhəmiyyətli rol oynayacaq. Belə ki, 2019-cu ildə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması Qaydası”na əsasən, fermerlər məhsul subsidiyası almaq üçün SİS (Subsidiya İnformasiya Sistemi) vasitəsilə elektron qaimə-fakturalar və digər aidiyyəti sənədləri təqdim etməlidirlər.

Layihə müəllifləri hesab edirlər ki, bu islahatlar kənd təsərrüfatında şəffaflığı artıracaq, vaxt itkisini minimuma endirəcək və nəzarət mexanizmlərini təkmilləşdirəcək. Elektronlaşdırma həm fermerlərin, həm də məhsul tədarükçülərinin işini asanlaşdırmaqla yanaşı, əməkhaqqının şəffaf şəkildə ödənilməsinə də imkan verəcək.