SOSİUM

19 İyun

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

Finss.az- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, AHİK sədrinin birinci müavini İlyas Əliyev, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.

İclası açan V.Zeynalov gündəlikdə duran məsələləri diqqətə çatdıraraq, Komissiyanın tərkibinin yenidən formalaşdırılması üçün irəli sürülən namizədləri təqdim edib. İclas iştirakçılarının səsverməsi ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, AHİK sədrinin müşaviri Nuranə İbadova, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev və AHİK-in Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov Komissiyanın üzvləri seçiliblər.

İclasda platforma iqtisadiyyatı üzrə fəaliyyət göstərən şəxslərin öz qanuni mənafelərini, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün birləşmək hüquqları, “İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması məqsədilə İşçi Qrupun yaradılması, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiya və protokollarının ratifikasiya imkanlarının araşdırılması və tələblərinin icrası və tətbiqi üzrə daimi İşçi Qrupun formalaşdırılması, Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslərin yararlandığı “Sosial tərəfdaş” layihəsinin əhatə dairəsinin genişləndirilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə tərəfdaş şirkətlərin sayının artırılması, Beynəlxalq Əmək Təşkilatının (BƏT) 184 nömrəli Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması üzrə İşçi Qrupun yaradılması ilə bağlı müzakirələr keçirilib.