SOSİUM

08 İyul

Lənkəranda Dairəvi qalada bərpa işlərinə başlanacaq

Lənkəran şəhərində yerləşən Dairəvi qala tarixi abidəsində bərpa işlərinə başlanılacaq.

Finss.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bərpa işlərinin 2025-ci il ərzində başlanılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib]. Qalanın oxşarı olan ikinci tikili hazırda mayak kimi fəaliyyət göstərən Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar. Bəzi mənbələrə görə hər iki qala Lənkəran qalasının dayaq məntəqləri kimi Nadir şahın əmri ilə tikilib.

Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur. Dairəvi qala 2006-cı ildə Regionların sosial-iqtisadi inkişafı planına əsasən təmir olunub. Əsaslı təmir iki il davam edib. Təmirdən sonra burada şəkil qalereyası yerləşib. Sonradan 2015-ci ilin fevral ayında güclü qar nəticəsində qalanın dam örtüyünün müəyyən hissəsi dağıldığından tarixi abidə qəzalı vəziyyətə düşüb. Tarixi abidənin yenidən bərpası Mədəniyyət Nazirliyində 2020–2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.