100 minə yaxın vətəndaş mülkiyyət hüququ əldə edəcək.
Finss.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin sədri Nigar Alimova Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərmanla bağlı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, yeni dəyişikliklər 100 minə yaxın vətəndaşa daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına imkan yaradacaq.
N.Alimova vurğulayıb ki, bu fərman 2015-ci ildə imzalanmış 439 nömrəli fərmana əlavələr və düzəlişlər edir. Müxtəlif dövrlərdə vətəndaşlara verilmiş, lakin mülkiyyət hüququnu rəsmiləşdirməyə imkan verməyən sənədlər əsasında indi hüquqların qeydiyyatı mümkün olacaq.
Fərmanın tətbiqi nəticəsində yüzminlərlə insan fərdi yaşayış evləri və torpaq sahələri üzrə mülkiyyət sənədlərini əldə edə biləcək. Lakin qeyd olunub ki, bu proses zamanı vətəndaşların əlində olan sənədlərin arxiv əsasları mövcud olmalıdır.
Bu islahatlar daşınmaz əmlak sahəsində hüquqların daha şəffaf və etibarlı qeydiyyatına yönəlib.