SOSİUM

14 Noyabr

75 faiz dövlət, 25 faiz işəgötürən – yeni layihə sosial müdafiəyə ehtiyacı olanları işlə təmin edir – Agentlikdən AÇIQLAMA

Dövlət Məşğulluq Agentliyi əmək bazarında işsiz və işaxtaran şəxslərin məşğulluğunu artırmaq və işəgötürənləri dəstəkləmək məqsədilə özəl sektorla yeni layihələr həyata keçirir.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, özəl sektorla əməkdaşlıq Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kimi prioritet əhəmiyyət daşıyır:

"Əmək bazarında işsiz və işaxtaran şəxslərin məşğulluq məsələlərinin effektiv şəkildə həlli dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlığından, o cümlədən birgə həyata keçirilən proqramlardan asılıdır. Bu baxımdan, son dövrlərdə Agentlik tərəfindən özəl sektorla əməkdaşlığın genişləndirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi və işəgötürənlərin təşviqi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir.”

Açıqlamada qeyd olunub ki, bu çərçivədə bir sıra yeni layihələr həyata keçirilir:

“Birincisi, Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun dəstəklənməsi məqsədilə işəgötürənlər üçün xüsusi müsabiqə elan edilib. Müsabiqənin əsas məqsədi həmin kateqoriyadan olan şəxslər üçün münasib və dayanıqlı iş yerlərinin yaradılmasını stimullaşdırmaqdır. Müsabiqə nəticəsində qalib gələn işəgötürənlərin bu istiqamətdə çəkdikləri xərclərin 75 faizədək hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən, qalan 25 faizi isə işəgötürənlər tərəfindən qarşılanır. Müraciətlərin elektron qaydada qəbul edildiyi bu proqramda üstünlük sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib iş şəraiti yaradan, eləcə də əmək bazarında tələbat olan peşələr üzrə məqsədli proqramları təqdim edən işəgötürənlərə verilir.

İkincisi, Agentlik tərəfindən kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi proqramı həyata keçirilir. Bu proqramın əsas məqsədi sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq səviyyəsinin artırılması və işəgötürənlərin yeni iş yerləri yaratmaq təşəbbüslərinin dəstəklənməsidir. Belə ki, kvota öhdəliklərini tam yerinə yetirmiş, lakin əlavə iş yerləri yaratmaq istəyən müəssisə, idarə və təşkilatlar bu proqrama müraciət edə bilirlər. Proqram çərçivəsində kvotadan əlavə yaradılan iş yerlərinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya DOST mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş şəxslərin əməkhaqları işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir. Bu iş yerləri üzrə əmək müqaviləsinin azı iki il müddətinə bağlanması tələb olunur. Proqrama bütün mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar (“Kvota şamil edilməyən müəssisələrin siyahısı”na daxil olanlar istisna olunmaqla), o cümlədən kvota öhdəliklərini tam olaraq yerinə yetirmiş işəgötürənlər müraciət edə bilərlər.”

Agentlik həmçinin işəgötürənlərə əlavə dəstək proqramlarını təqdim edir:

“Agentlik tərəfindən işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlərə boş iş yeri üzrə işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin (50 faiz) maliyyələşdirilməsi üzrə xidmət göstərilir. Burada yalnız Dövlət Məşğulluq Agentliyinin müvafiq orqanlarında rəsmi qaydada qeydiyyatdan keçmiş işsiz və işaxtaran şəxslərin işə götürülməsindən söhbət gedir. Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla son bir ildə fəaliyyətdə olan işəgötürənlər bu proqrama müraciət edə bilirlər.”

Bundan başqa, Agentlik işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin etmək məqsədilə özəl sektorla birgə peşə hazırlığı kursları, əmək yarmarkaları təşkil edir:

“Bunlardan başqa, Agentlik tərəfindən işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin etmək məqsədilə özəl sektorla birgə peşə hazırlığı kursları, əmək yarmarkaları təşkil edilir. Bu məşğulluq tədbirlərinin məqsədi də işəgötürənlərin ixtisaslı kadrlara olan tələbatını ödəmək və işsiz şəxslər üçün dayanıqlı məşğulluq imkanlarının yaradılmasıdır.”

Dövlət Məşğulluq Agentliyinin özəl sektorla əməkdaşlıq strategiyaları işsizlərin məşğulluq imkanlarını artırır, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işlə təmin olunmasını sürətləndirir və işəgötürənləri aktiv fəaliyyətə təşviq edir.

Fuad Mədətov
Finss.az