TƏHSİL

12 Noyabr
75

Qəbul imtahanlarında nisbi bal məhdudiyyəti qoyulur? - Bilinməyən detallar

Əvvəllər qəbul imtahanlarında tətbiq olunan fənlər üzrə nisbi bal məhdudiyyəti, eyni zamanda nisbi bal sıfır olduqda müsabiqədə iştirak edə bilməməklə bağlı tələblər hazırda yoxdur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Məlumatda deyilir ki, qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanın birinci (yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal bal 200 olmalıdır.

Abituriyentə imtahanın birinci mərhələsi üzrə heç bir tələb qoyulmasa da, II mərhələdə topladığı bal 100-dən az olmamalıdır.

Ona da diqqət etmək lazımdır ki, abituriyentin hər iki mərhələ üzrə topladığı balın cəmi minimum 200-ə bərabər olmalıdır.

Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.

Yeni qaydalarda yalnız müəyyən ixtisaslar üzrə nisbi bal məhdudiyyəti qoyulub.

Xatırladaq ki, imtahanın birinci mərhələsində səhv cavabların sayı düzgün cavabların sayına təsir etmir. Lakin ikinci mərhələdə yalnız qapalı tipli test tapşırıqlarının səhv cavablarının sayı düzgün cavabların sayına təsir göstərir.

Açıq tipli tapşırıqların səhv cavablandırılması düzgün cavabların sayına təsir göstərmir.