13 Noyabr

“Müəllimlərə H1 və H2-yə görə verilən vəsait və yaş həddi artırılmalıdır” -TƏKLİF

Ölkədə son illərdə müəllimlərin işə qəbulu, onların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb.Bir çox yerlərdə müəllimləri cəlb etmək üçün həvəsləndirmə (H1,H2) tətbiq edilir.

Fins.az xəbər verir ki, həvəsləndirmə rayon mərkəzindən 3 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub.Həvəsləndirmənin 2 istiqaməti var:H1 və H2.
H1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, H2 isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. Əgər gənc müəllim MİQ müsabiqəsində iştirak edib H1 və ya H2 tətbiq olunan hər hansı məktəbə müddətsiz müqavilə əsasında işə qəbul olunubsa və yaşı 35-dən çox deyilsə, seçdiyi vakant yerdə tətbiq olunan həvəsləndirmədən asılı olaraq hər ay əmək haqqına H1-60 manat, H2-160 manat əlavə olunur.

Təhsil eksperti Kamran Əsədov həvəsləndirmə məbləğininin artırlmaması və yaş məhdudiyyəti tətbiq edilməsi məsələsinə etirazını bildirib.
“Həvəsləndirmə məsələlərinin tətbiq edilməsi əladır. Amma 5 il ərzində elektrik enerjisi və nəqliyyat daşıyıcılarının qiymətlərinin azı 2 dəfə bahalaşmasına baxmayaraq, müəllimin məhz bu problemini həll etmək üçün müəyyən edilmiş məbləğ artmayıb.
İkincisi, müəllim 35 yaşı tamam olandan sonra da həmən yolu gedir və enerjini sərf edir. Ona görə də 35 yaş məhdudiyyəti aradan qaldırılmalıdır. Əks halda H1 və H2 tətbiq edilən məktəblərdə çalışanlar bu yardım dayanandan sonra məktəbi dəyişəcək. Belə hallar artıq baş verir.
Bölgələrdə müəllimlərin dərs saatı 25-30 saat deyil ki, onlar yüksək əmək haqqı alsınlar. Məhz gəncləri regionlarda məktəblərə cəlb etmək üçün əmək haqlarına müvafiq əlavələr edilməlidir.
Bir daha təklif edirəm ki, H1 və H2-yə görə verilən vəsaitlər və yaş həddi artırılsın”-deyə K. Əsədov rəsmi facebook səhifəsində qeyd edib.