Finss.az - “Farmasintez” QSC-nin prezidenti Vikram Puniya Moskva Hökumətinin təşkil etdiyi “Ofset müqaviləsi – yerli əczaçılıq sənayesinin inkişafına təkanverici amil” adlı sessiyada iştirak edib.
Tədbirdə bildirilib ki, “Farmasintez” 2,5 milyard rubl dəyərində ofset müqaviləsi imzalayıb və bu çərçivədə şirkət Moskvada öz əczaçılıq zavodunu inşa etmək qərarı verib. Tikinti işlərinə artıq 2024-cü ildə başlanılıb və ilk zavodun yay aylarında istifadəyə verilməsi planlaşdırılır.
Vikram Puniya çıxışında Moskva Hökumətinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, ofset müqavilələrinin əsas üstünlüyü məhsulun satışına təminat yaratmasıdır. Bu tip müqavilələr uzunmüddətli – 7-10 illik layihələrdir və sənayenin regionda qalıcı inkişafına xidmət edir.
Şirkət rəhbəri həmçinin “BratskXimSintez” adlı mövcud zavodun modernləşdirilməsi ilə bağlı strateji hədəflərindən də bəhs edib:
“2030-cu ilədək biz bu zavodu minlərlə ton məhsul istehsal edən və Çin müəssisələri ilə müqayisə oluna bilən bir fabrikə çevirməyi planlaşdırırıq. Beş ildən sonra dünya standartlarına uyğun istehsal gücümüz olacaq və öz dərin emal substansiyalarımızı təqdim edəcəyik,” – deyə o bildirib.
Mütəxəssislərin fikrincə, belə təşəbbüslər yalnız şirkətlərin deyil, bütövlükdə regionun iqtisadi potensialını artırır.