Tibb

23 İyun

Dünyanın yeganə "Qvada-mənfi" qan qrupu aşkarlandı

Finss.az - Karib dənizində yerləşən Qvadelupa adasının sakini dünyada yeni və unikal qan qrupunun daşıyıcısı olub.

“Qvada-mənfi” (Guada-negative) adlandırılan bu qan qrupu elm dünyası üçün əhəmiyyətli kəşf sayılır.

Fransa Qan Xidməti (EFS) bildirib ki, onların mütəxəssisləri qan qruplarının müəyyən edilməsi üzrə artıq 48-ci sistemi aşkar ediblər. Qeyd edək ki, bu vaxta qədər dünya elmi ictimaiyyəti yalnız 47 qan qrupu sistemini tanıyırdı.

Yeni qrup 54 yaşlı qadında cərrahiyyə əməliyyatına hazırlıq zamanı aşkar olunub. Araşdırmada iştirak edən EFS bioloqu Tyerri Peyrarın sözlərinə görə, xəstədə daha əvvəl məlum olmayan antitel aşkarlanıb. O vurğulayıb ki, bu qadın dünyada yalnız özü ilə uyğun gələn yeganə insandır.

Məlum olub ki, qadın bu nadir qan qrupunu valideynlərindən miras alıb. Hər iki valideyn mutasiyaya uğramış geni daşıyırmış.

Bu nadir kəşf qan köçürmə və transplantasiya sahəsində elmi yanaşmalara təsir edə bilər.