Finss.az - Portuqaliyada Covid-19-a yoluxma hallarında artım qeydə alınıb.
Səhiyyə orqanları bu artımı “Omikron” variantının yeni ştammlarının dövriyyəyə daxil olması ilə əlaqələndirirlər.
Portuqaliyanın Səhiyyə üzrə Baş İdarəsinin (DGS) məlumatına görə, “NB.1.8.1.”, “LP.8.1.” və “XFG” adlanan yeni Omikron ştammları ölkə üzrə yayıldığı üçün yoluxma halları xüsusilə mayın 5-dən sonra yüksəlməyə başlayıb.
Həkimlər xəbərdarlıq edirlər ki, bu ştammlar əsasən yanaşı xəstəlikləri olan şəxslərdə və immuniteti zəif insanlarda daha ağır simptomlara səbəb ola bilər.
DGS həmçinin qeyd edib ki, ötən qış virusun zəif dövr etməsi nəticəsində əhali arasında yaranmış immunitet zəifləyib və bu, qarşıdakı həftələrdə xəstəxanaya yerləşdirmə hallarının artmasına səbəb ola bilər.
Avropanın digər ölkələrində də bənzər tendensiya müşahidə olunmaqdadır.