Finss.az - Son tədqiqatlar göstərir ki, dünya üzrə insanların ömür müddəti çirkli hava səbəbindən iki il azala bilər.
Tədqiqatçılar bildirirlər ki, planet əhalisinin orta ömrü əvvəlki əsrlərlə müqayisədə artmaqda olsa da, son dövrlərdə çirklənmə bu artımı əngəlləyir. Məsələn, ABŞ və Böyük Britaniyada bu gün doğulanların ömrü zərərli tullantılar səbəbindən 4 ay, Çin kimi ərazilərdə isə daha da çox qısalır.
Hindistan və Misir kimi ölkələrdə vəziyyət daha kəskindir: Yeni doğulanların orta ömrü bir ildən iki ilə qədər azala bilər. Ümumdünya Səhiyyə Təşkilatı Hindistanın paytaxtı Yeni Dehli və Misirin paytaxtı Qahirəni dünyanın ən çirkli şəhərləri olaraq qeyd edib.
Texas Universitetinin tədqiqatçıları ilk dəfə havanın çirklənməsinin insan ömrünün ümumi uzunluğuna təsirini ölçüblər. Onlar atmosferdə elektrik stansiyaları, fabrik bacaları, təyyarələr, meşə yanğınları və toz fırtınaları kimi mənbələrdən yayılan kiçik PM2.5 hissəciklərinin səviyyəsini analiz ediblər.
PM2.5 hissəcikləri kiçik ölçüləri səbəbindən atmosferdə uzun müddət qalır və tənəffüs yolu ilə orqanizmə daxil olur. Bu hissəciklər ağciyərlərə daha dərindən nüfuz edir, qan dövranına daxil olaraq ürək və ağciyər xəstəlikləri riskini artırır, həmçinin astma və bronxit kimi xroniki xəstəlikləri ağırlaşdırır. Nəticədə, insanlar daha az yaşayır.
Tədqiqatlar göstərir ki, havanın təmizlənməsi sağlamlığın qorunması və insanların ömrünün uzadılması üçün vacibdir.