Dərinin uzun müddət qaşınması yağlı qaraciyər xəstəliyinin ilkin əlamətlərindən biri ola bilər.
Finss.az xəbər verir ki, bu barədə hepatoloq İnna Yuznova məlumat verib. Onun sözlərinə görə, dəri qaşınması qaraciyərlə bağlı problemlərin xəbərçisi ola bilər və bu simptom xüsusilə alkoqolsuz steatohepatit (NASH) hallarında özünü göstərir.
Mütəxəssis bildirib ki, yağlı qaraciyər xəstəliyi erkən mərhələlərdə əlamətsiz keçir. Vaxtında müdaxilə olunmadıqda isə qaraciyər toxumasında çapıqlar yaranır, nəticədə sirroz, qaraciyər çatışmazlığı və hətta qaraciyər xərçəngi inkişaf edə bilər.
Alkoqolsuz steatohepatit zamanı qaraciyər hüceyrələrinin iltihabı və zədələnməsi baş verir. Bu mərhələdə uzun müddətli dəri qaşınması müşahidə oluna bilər. Xəstəlik irəlilədikcə bədəndə maye toplanması, daxili qanaxmalar, əzələ itkisi və psixoloji pozuntular meydana çıxa bilər.
Sirroza keçmiş xəstələrdə qaraciyər funksiyası ciddi şəkildə pozulur və bəzi hallarda qaraciyər köçürülməsi zərurəti yaranır.
İnna Yuznova xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün hər hansı narahatedici simptomlar müşahidə edildikdə həkimə müraciət etməyi və vaxtında diaqnostika aparmağı tövsiyə edir.