Finss.az - İyunun 18-dən etibarən Azərbaycan və Maldiv hökumətləri arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş qüvvəyə minir.
Sözügedən Saziş 2024-cü il noyabrın 15-də, Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil arasında baş tutan görüş zamanı imzalanıb.
Sazişin ratifikasiyası Azərbaycan Milli Məclisinin 2024-cü il 27 dekabr tarixli iclasında həyata keçirilib və ölkə Prezidenti tərəfindən təsdiq olunub.
Sənədin əsas məqsədi diplomatik, xidməti və rəsmi pasportlara malik Azərbaycan və Maldiv vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdırmaq, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da gücləndirməkdir.
Razılaşmaya əsasən, tərəflərin qeyd olunan pasportlara malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız daxil ola, tranzit keçid edə, ölkəni tərk edə və giriş tarixindən etibarən 90 günədək vizasız qala bilərlər.
Bu addım Azərbaycanla Maldiv arasında diplomatik münasibətlərin dərinləşməsinə və beynəlxalq əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək.