AZAL Bakı–Təbriz birbaşa uçuşlarına başlayır
Finss.az - AZCON Holding-ə daxil olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirməkdə davam edir. Şirkət 3 sentyabr 2025-ci il tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə yeni birbaşa reyslərə start verəcək.
AZAL-dən verilən məlumata görə, yeni istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Təbriz şəhəri qədim tarixi, memarlıq abidələri və zəngin mədəni irsi ilə tanınır. Bakı ilə Təbriz arasında birbaşa hava əlaqəsinin yaradılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Tehrana reyslər bərpa olunur
Bundan əlavə, 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL Bakı–Tehran–Bakı marşrutu üzrə müntəzəm reysləri bərpa edir. Uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri həyata keçiriləcək.
Hər iki marşrut Azərbaycanın region ölkələri ilə hava nəqliyyatı əlaqələrinin inkişafı və sərnişinlərin rahatlığının təmin olunması baxımından əhəmiyyətli addımdır.
Aviabiletləri rəsmi veb-səhifəsindən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Fuad Mədətov
Finss.az
