TURİZM

22 Oktyabr

İstanbul 2025-ci ildə Avropanın ən çox ziyarət edilən şəhərlərindən biri olub

İstanbul, Asiya və Avropa qitələrinin qovşağında, Bosfor boğazının sahilində yerləşən və zəngin tarixi ilə tanınan şəhər, 2025-ci ilin yanvar-sentyabr aylarında 13,5 milyon turisti qəbul edərək Avropanın ən çox ziyarət edilən şəhərlərindən biri olub. Şəhər həm tarixi irsi, həm də müasir şəhər həyatını birləşdirərək səyahətsevərlərin diqqətini çəkir.

Finss.az xəbər verir ki, Böyük Britaniyanın “Which?” araşdırma mərkəzinin sorğusuna əsasən, İstanbul Avropanın ilk beş ən yaxşı şəhər istiqamətindən biri seçilib. Eyni zamanda, “Condé Nast Traveller” jurnalının “Reader’s Choice Awards” mükafatında İstanbul ailəvi istirahət üçün ideal şəhərlərdən biri kimi qiymətləndirilib. Turizm mütəxəssisləri isə payız mövsümünün şəhərin turizm potensialını artırdığını vurğulayır; sərin hava və məktəb tətili şəhəri kəşf etmək üçün əlverişli şərait yaradır.

İstanbul həm tarixi, həm də müasir mədəniyyət baxımından zəngin bir şəhərdir. UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Tarixi Yarımadada Ayasofya, Sultanəhməd Məscidi, Topqapı SarayıYerebatan Sarnıcı kimi memarlıq inciləri yerləşir. Qapalıçarşı və Ədviyyat Bazarı isə əsrlərdən bəri davam edən ticarət ənənəsini yaşadır.

Şəhərin müasir siması isə Bosfor boğazında gəzinti ilə daha da diqqət çəkir. Sahil boyunca uzanan yalılar, minarələrquş səsləri səyahətə xüsusi rəng qatır. İstiqlal küçəsi, QalataportQaraköy kimi mərkəzlərdə yerləşən kafelər, qalereyalar və butiklər İstanbulun yaradıcı ruhunu əks etdirir. İstanbul Modern, Atatürk Mədəniyyət Mərkəzi, ArterMeşher kimi mədəniyyət ocaqları da ziyarətçilər üçün əvəzolunmaz məkanlardır.

Payız aylarında şəhər mədəni tədbirlər və festivallarla canlanır. Hazırda İstanbul Kino Muzeyində “Ceyms Kemeronun Sənəti” sərgisi nümayiş olunur və 2026-cı ilin yazına qədər davam edəcək. Mimar Sinan Universitetinin Tophane-i Amire Mədəniyyət Mərkəzində məşhur fotoqraf Stiv MakKörünün “The Haunted Eye” sərgisi 30 noyabra qədər açıqdır.

Bu il İstanbul Biennalesi “Üçayaqlı Pişik” mövzusu ilə keçirilir və 2025–2027-ci illəri əhatə edən üçillik proqram formatına malikdir. Avstriyada dünyanın ən nüfuzlu “texnoloji incəsənət” festivallarından biri sayılan Ars Electronica isə 21–28 oktyabr tarixlərində Zorlu PSM-də keçiriləcək. İstanbul Mədəniyyət və İncəsənət Fondunun təşkil etdiyi 29-cu İstanbul Teatr Festivalı isə 20 oktyabrdan 22 noyabra qədər davam edəcək və festival çərçivəsində 16 teatr və rəqs tamaşası nümayiş olunacaq.

Şəhərin zəngin mətbəxi də payız səyahətini tamamlayır. Ənənəvi türk səhər yeməkləri, küçə ləzzətləri və modern təqdimatlı restoranlar səyahətçilərə unudulmaz dadlar təqdim edir. Kokoreç, kumpir və midyə dolma kimi küçə yeməkləri İstanbul mətbəxinin canlı nümunəsidir, MICHELIN ulduzlu restoranlar isə Anadolunun kulinariya irsini müasir texnikalarla təqdim edir.

İstanbula səfər planlaşdıranlar üçün 2025-ci il MICHELIN Key Award mərasimində təqdim edilmiş yeni otellərlə tanış olmaq da tövsiyə olunur.

Fuad Mədətov
Finss.az