2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 183 ölkədən 1,948 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azalma deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, gələnlərin 24,8%-i Rusiya Federasiyasından, 17,1%-i Türkiyədən, 7,9%-i İrandan, 6,8%-i Hindistandan, 4,5%-i Səudiyyə Ərəbistanından, 4,2%-i Gürcüstandan, 4,0%-i Qazaxıstandan, 3,4%-i Pakistandan, 2,6%-i Çindən, hər biri 2,3%-i Özbəkistan və İsraildən, 1,6%-i BƏƏ-dən, 1,4%-i Ukraynadan, hər biri 1,2%-i Türkmənistan və Küveytdən, 1,1%-i isə Belarusiya vətəndaşlarından ibarət olub. Qalan 13,6%-i digər ölkələrdən gələn turistlər təşkil edib. Gələnlərin 66,3%-i kişi, 33,7%-i qadın olub.
Ötən illə müqayisədə Tacikistan, İsrail, Yaponiya, Çin, İordaniya, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, ABŞ, Kanada, Niderland, Almaniya, Pakistan, İtaliya və Koreya Respublikasından gələnlərin sayında artım qeydə alınıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 8,5% artaraq 88,8 min nəfərə çatıb. Fars körfəzi ölkələrindən gələnlərin sayı 4,9% azalaraq 321,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,2% azalaraq 669,8 min nəfər olub. Digər ölkələrdən gələnlərin sayı isə 3,1% artaraq 868,5 min nəfərə yüksəlib.
Xarici vətəndaşların 76,2%-i hava nəqliyyatı, 22,5%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatı ilə ölkəyə daxil olub.
Eyni zamanda, hesabat dövründə xaricə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 2,6% azalaraq 1 milyon 605 min nəfərə enib. Onların səfərlərinin 42,2%-i Türkiyəyə, 14,6%-i Rusiyaya, 10,8%-i Gürcüstana, 8,9%-i İrana, 23,5%-i isə digər ölkələrə olub.
Səyahət edənlərin 63,6%-i kişi, 36,4%-i qadın təşkil edib. Onların 70,6%-i hava, 27,5%-i dəmir yolu və avtomobil, 1,9%-i isə dəniz nəqliyyatı ilə səfər edib.
Fuad Mədətov
Finss.az
