RƏSMİ

30 Aprel

Bu ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin birinci rübündə özəlləşdirmə və icarədən dövlət büdcəsinə 30,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Fins.az xəbər verir ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində 12 hərrac keçirilib. Hərraclarda kiçik dövlət müəssisəsi, 3 səhmdar cəmiyyətinin səhm paketi, 169 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin yanvar-mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 136 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 3 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 21,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 131-i qeyri-yaşayış, 542-si isə torpaq sahəsi üzrə olmaqla 673 yeni icarə müqaviləsi bağlanılıb. 

2024-cü ilin birinci rübündə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 30,7 milyon manat vəsait daxil olub.