12 Noyabr

Subsidiya almaq istəyən fermerlərin nəzərinə - 20 GÜN QALDI

Kənd Təsərrüfatı Nazirliyi payız əkinləri üçün subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlayıb.

Aqrar Kredit və İnkişaf Agentliyindən Fins.az-a daxil olmuş məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər öz elektron kabinetlərinə daxil olub, payız mövsümü üçün apardıqları əkin sahəsi, əkdikləri məhsul barədə məlumatı daxil etməlidirlər. Bu, fermerlərin 2020-ci ildən yeni qaydalarla alacaqları subsidiya üçün müraciət formasının əsas hissəsidir.

Yeni subsidiya qaydaları elektron hökumət sistemi ilə əlaqəli olduğundan fermerlərin əkin bəyanlarında, daxil etdikləri məlumatlarda dürüstlük tələb olunur. Əkin bəyanlarının doğru doldurulması ilə bağlı Nazirlik təlimlər təşkil edib, məlumatlandırıcı çap materialları hazırlanaraq, fermerlərə yayılması üçün bütün Dövlət Aqrar İnkişaf mərkəzlərinə göndərilib (http://akia.gov.az/pdf/20191106055630pdfeOtdHc.pdf).

Maarifləndirici videoçarx mərkəzi telekanallarda və KTN sosial media səhifələrində yayımlanıb (https://www.youtube.com/watch?v=OUvXO-v3DgY).