BANK

01 Yanvar
8

Daha bir bank islam bankçılığına başlayır

Bu ilin ilk yarısının yekunlarına görə, “TuranBank”ın kredit portfelinin təqribən 87%-i biznes kreditləri təşkil edib. Fins.az-ın məlumatına görə, bu barədə bankın İdarə Heyətinin sədri Nazim Sadıqov məlumat verib.
Onun sözlərinə görə, ümumi həcmi 202 milyon manat olan kredit portfelinin 86,6%-i və yaxud 173 milyon manatı biznes kreditidir. Bu ilin 6 ayı ərzində isə bankın verdiyi 109 milyon manatlıq kreditin 77%-i iş adamlarına yönəlib. Bu kreditlər “TuranBank”ın həm yerli, həm də xarici tərəfdaşlarından əldə olunan vəsaitlər hesabına güzəştli şərtlərlə verilib.

4 yeni filial açacaq

“Turanbank”ın Strateji Planına uyğun olaraq gələn ilin sonuna qədər regionlarda 4 yeni filial açılacaq. N.Sadıqovun sözlərinə görə, bu, banka regional satış nöqtələri vasitəsilə ayrılan fərdi biznes mikrokreditlərini artırmağa imkan verəcək. İndiyə qədər bu layihə çərçivəsində güzəştli şərtlərlə 15 milyon manat borc verilib.

İslam Bankçılığına başlayacaq

“TuranBank”ın gələcək planlarında kənd təsərrüfatının inkişafına yönəlmiş layihələrə maliyyə dəstəyi vermək, lizinq xidmətlərini genişləndirməklə istehsalı dəstəkləmək və nəhayət İslam bankçılığına başlamaqla müştərilərə şəriət qaydalarına uyğun bank xidmətləri göstərmək də var: Planlarımıza islam bankçılığı pəncərəsinin tətbiqini başa çatdırmaqla müştəriləri şəriət qaydalarına cavab verən əlverişli bank məhsulları ilə təmin etmək də daxildir".
Yeri gəlmişkən, bir qədər əvvəl "Turanbank" İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) ilə kredit sazişə imzalayıb. Sazişə əsasən, İCD Azərbaycanda kiçik və orta biznesin inkişafını maliyyələşdirmək üçün “TuranBank”a 5 il müddətinə 5 milyon ABŞ dolları vəsait ayırıb.