SOSİUM

26 Aprel

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Mərkəzi Asiya regionunun Kosmik Texnologiyalar Konfransında (STC2024) yeni əməkdaşlıq müqavilələri imzalayıb.

Fins.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində keçirilən tədbirdə Azərkosmos Türkiyənin peyk operatoru “Türksat”la kommersiya müqaviləsi imzalayıb. Bu əməkdaşlıq sayəsində “Türksat” “Azerspace-2” peykinin resurslarından Afrika bölgəsində data layihələrində istifadə edəcək. Paralel olaraq Azərkosmos da “Türksat”ın yeni peyk texnologiyalarından faydalana biləcək.

Qeyd edək ki, beynəlxalq konfransda iştirakçılar arasında “Türksat”, “Maxar”, “Axiom”, “Space”, “Eutelsat”, “İntelsat”, “Satvu”, “Uztelecom” və digər qlobal və regional kosmik şirkətlər yer alıb.

“STC 2024” proqramı çərçivəsində plenar sessiya və müzakirələr keçirilir. Konfransda “Mərkəzi Avrasiyanın kosmik ekosisteminin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları” adlı plenar sessiyada Azərkosmosun yeni peyk layihələri, iqlim dəyişikliyi üzrə hazırlanmış rəqəmsal platformasından bəhs olunub. Azərkosmosun əsas hədəflərindən biri də kosmik sahədə regional əməkdaşlığın gücləndirilməsi olduğu iştirakçıların diqqətinə çatdırılıb.

Azərkosmosla yanaşı, plenar sessiyada Türkiyənin “Türksat”, Pakistanın “SUPARCO”, Birləşmiş Ərəb Əmirliklərinin kosmik agentliyi, Özbəkistanın “Uzbekcosmos”, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerkosmik Sənayesi Nazirliyinin rəhbərləri öz milli kosmik sektorlarının fəaliyyəti, inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi imkanları ilə bağlı məlumatları bölüşüblər.