ANALİTİKA

01 Yanvar
35

50 manat xərcə görə 25 min manat sığorta pulu itirən vətəndaşlarımız...

Natiq Cəfərli: "İl ərzində 50 manat ödəməklə evi 25000 manat məbləğində sığortalamaq paketinin sığorta şirkətləri tərəfindən təqdim olunması müsbət ideyadır"
"AXA MBASK" sığorta şirkəti: "Evini sığorta edən şəxsin mənzili ilə bağlı xoşagəlməz hadisə vaş verərsə, dərhal zərərçəkənə sığorta pulu ödənilir"
"Ata Sığorta" - Nigar İbrahimova: "Evlərin sığorta olunması icbaridir və hər bir vətəndaş öz əmlakını icbari sığortalamalıdır"

Daşınmaz əmlakın icbari sığortası əhali üçün olduqca faydalıdır. Yanğın və texnogen fəlakətlərdən zərər çəkmiş insanlar sığorta sahəsində nəzərdə tutulan yeniliklər sayəsində real ödənişlər ala biləcək. İcbari sığorta haqqının məbləği ildə 50 manatdır. Yeni tikilən binalarda isə mənzillərin sığora edilməsi bir qədər problemlidir. Belə ki, Bakıda və respublikanın rayonlarında yeni tikilən yaşayış binalarında sənədləşdirilməmiş mənzillərin sahibləri öz mənzillərini hələlik yalnız könüllülük əsasında sığortalaya bilərlər. Bunun səbəbi daşınmaz əmlakın icbari sığortası ilə bağlı qoyulan tələblərdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, daşınmaz əmlakın icbari sığortası üçün əmlakın mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı çıxarış ("kupça") tələb olunur. Çünki qanunun tələbinə görə, müqavilədə çıxarışın nömrəsi göstərilməlidir.Qeydiyyat çıxarışı olmadıqda isə mənzilin icbari sığortalanması mümkün olmur. Qeyd edək ki, hazırda yeni tikililərdəki mənzillərin əksəriyyətində sənədlər alqı-satqı müqaviləsindən və mənzilin pulunun ödənilməsi ilə bağlı maliyyə arayışından ibarətdir. Sığorta şirkətləri bildirir ki, bu sənədlərlə mənzili icbari sığortalamaq mümkün deyil. Çünki mənzilin pulu ödənilibsə, o demək deyil ki, həmin şəxs mülkiyyət sahibidir. Bilinmir ki, hələ bu mənzil kimin adına rəsmiləşdiriləcək. Qeyd edək ki, sığorta haqlarının məbləğini və əhatə etdiyi risqləri, eləcə də təcrübəni nəzərə aldıqda, daşınmaz əmlakın icbari sığortası könüllü sığortaya nisbətən daha sərfəlidir. Məsələn, Bakı şəhərində qiyməti 100 min manat olan əmlakın könüllü sığortalanması orta hesabla 300-600 manata başa gəlir. İcbari sığortada isə cəmi 50 manat ödəməklə əmlakı bütün il boyu əsas risqlərdən 25 min manat həcmində sığortalamaq mümkündür. Təcrübə də göstərir ki, əmlaka dəyən zərər nadir hallarda 25 min manatı keçir. Xatırladaq ki, Bakı şəhərindəki evlərin icbari sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və rayonlarda isə 30 manatdır. İldə bu məbləği ödəyərək mənzili və ya evi yanğın və digər risqlərdən sığortalamaq mümkündür. Bakı şəhərindəki yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri 25 000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 000 manat, digər yaşayış məntəqələrindəki əmlaklar üzrə isə 15 000 manat nəzərdə tutulub. Yəni sığorta hadisəsi zamanı əmlakın icbari sığortası üzrə ödəniş bu məbləği keçməməlidir. Daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım vurması, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. risqlərdən sığortalayır. Maraqlıdır, insanlar 50 manat ödəməklə evlərini sığortalayırlarmı? Yoxsa insanlar sığorta şirkətlərinin onlara pul kompensasiyasını verməyəcəyini düşünərək yaşadıqları evi sığortalamaqdan çəkinirlər? "Ata Sığorta" ASC Anderraytinq və Təkrarsığorta Departamentinin direktoru Nigar İbrahimova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, evlərin sığorta olunması icbaridir və hər bir vətəndaş öz əmlakını icbari sığortalamalıdır: "Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat, sığorta haqqı isə 50 manatdır. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat, sığorta haqqı 40 manatdır. Digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat, sığorta haqqı 30 manatdır. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şəhadətnaməsinin buraxılması üçün sığortalının şəxsiyyət vəsiqəsi, daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı və ya əmlakın sığortalıya məxsus olduğunu təsdiq edən digər sənəd (Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsi və ya tikinti şirkəti və sığortalı arasında bağlanan müqavilə) lazımdır". N.İbrahimovanın sözlərinə görə, müştəri il ərzində 50 manat ödəməklə mənzilini 25 000 manat dəyərində sığorta edir. "AXA MBASK" sığorta şirkətinin əməkdaşı qəzetimizə açıqlamasında bildirdi ki, hazırda bizdə sığorta mədəniyyəti tam formalaşmayıb. İnsanların il ərzində 50 manat ödəməklə evlərini sığortalamaması bununla bağlıdır: "Bəlkə də sovet vaxtından insanlarda stereotip qalıb ki, pul ödənməyəcək. Amma biz evini sığorta edən şəxsin mənzili ilə bağlı xoşagəlməz hadisə vaş verərsə, dərhal zərərçəkənə sığorta pulu ödəyirik". İqtisadçı-ekspert Natiq Cəfərli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda sığorta bazarı da inhisarçıların əlindədir. Bu da sığorta bazarının inkişafına, azad rəqabətə mane olur. Həmsöhbətimizin sözlərinə görə, sosial reklamın güclü olmaması insanların bu bazar haqqında yanlış düşünməsinə səbəb olur. Ona görə insanlar arasında inamsızlıq mühiti yaranır: "İl ərzində 50 manat ödəməklə evi 25000 manat məbləğində sığortalamaq paketinin sığorta şirkətləri tərəfindən təqdim olunması müsbət ideyadır. Amma bu sığorta paketini insanlara inandırmaq lazımdır. İnsanlar sığorta bazarına inanmasalar, nə qədər cazibəli təklif olsa belə, xeyri olmayacaq. Bunun üçün sığorta şirkətləri müştəriləri cəlb etmək məqsədlə müəyyən tədbirlər görməlidirlər".

Bakı xəbər