BANK

01 Yanvar
2

Azərbaycan jurnalistləri Londona səfər edib

“British Council” və “PAŞA Bank”ın birgə layihəsi olan “Biznes Jurnalistika Layihəsi”nin iştirakçıları martın 22-dən 29-na qədər Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olub. Fins.az-ın məlumatına görə, səfər çərçivəsində Azərbaycan jurnalistləri Londonun tarixi yerlərində olub, London Fond Birjasında, dünyanın media nəhənglərindən olan “BBC” - televiziya və radio kompaniyasında, “The Daily Telegraph” qəzetində, Böyük Britaniyanın ali qanunverici orqanı (parlament) olan Lordlar Palatasında görüşlər keçiriblər. Səfərin yekununda qələm əhlinə sözügedən layihəyə dəstək vermiş Birləşmiş Krallığın Tomson Fondunun rəsmiləri tərəfindən sertifikatlar təqdim olunub.

Xatırladaq ki, “Biznes Jurnalistika Layihəsi” 2011-ci ildən, artıq 4-cü dəfədir ki, həyata keçirilir. Azərbaycanın aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalisti layihədə iştirak üçün seçilib. Onların arasında Fins.az-ın baş redaktoru Namiq Hüseynov da var.

Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Tomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.