ANALİTİKA

01 Yanvar
6

"Bu məhsul mənimdir" - SIĞORTA PLAGİATLIĞI

"Başqasının məhsulunun uğur qazandığını gördükdə tez onu kopyalayıb tətbiq edirlər”

Azərbaycanda sığorta şirkətlərinin rəqiblərinin uğurlu məhsullarını sonradan eyni şərtlərlə öz adlarından təqdim etməsi geniş yayılıb. Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, hətta bəzən "plagiat"lar həmin məhsulun əsl sahibindən daha çox fayda götürürlər. Mütəxəssislər bildirir ki, belə halların qarşısını almaq üçün ən yaxşı üsul məhsulu patentləşdirməkdir.

“Bizim məhsullardan yararlanıblar, lakin etiraz bildirməmişik”

“A-Qroup Sığorta” şirkətinin idarə heyətinin sədr müavini Əli Bayramov fins.az-a bildirdi ki, sığorta şirkətlərinin böyük əksəriyyəti bu üsula əl atır. Yəni yeni məhsullar hazırlamaqdansa, digər şirkətin hazır məhsulunu və ya onun oxşarını öz adından bazara təqdim edirlər: "Adını da qoyurlar ki, biz yeni məhsul çıxarmışıq. Lakin inkişaf etmiş ölkələrdə şirkətlər maraqlı, bir-birindən fərqli və cəlbedici məhsulları özləri hazırlayırlar".

Mütəxəssisin sözlərinə görə, adətən başqasının məhsulunu özününkü kimi təqdim etmək üçün ona bəzi dəyişikliklər edilir: "Eyni paketi götürüb cüzi əlavələr edirlər- məsələn ekakuator xidməti, hüquqi xərclər və sair- yəni standart xidmətlərdən təklif edirlər və deyirlər ki, bu tamamiə yeni məhsuldur, halbuki, bunlar 5-10 il bundan qabaq başqa şirkətlər tərəfindən tətbiq olunub".

A.Bayramov bildirdi ki, "A-Qroup"un məhsullarını da özününküləşdirənlər olub: “Bizim şirkət də belə hallarla qarşılaşıb, amma bunlar çoxdan olub. Tibbi sığortada, kaskoda və əmlak sığortasında bizim məhsullardan başqa şirkətlər yararlanıb, onu çox oxşar şəkildə- az qala olduğu kimi götürüb bazara çıxarıblar. Lakin biz bununla bağlı hansısa etiraz bildirməmişik. Belə faktları açıb-ağartmamışıq, bunu həmin şirkətin öz vicdanına buraxmışıq”- ekspert dedi.

Ə.Bayramov belə hallara nümunələr də gətirdi: “Bizim şirkətin məhsullarına baxsanız görərsiniz ki, biz heç vaxt standart təkliflər etməmişik, daha yeni, fərqli əlavə xidmətlər təklif edirik. Məsələn, 6-7 il bundan qabaq avtomobildə sınmalar, yolda xarab olma hallarından sığorta təklif edirdik. Tutaq ki, maşın yolda qızdırdı, motor xarab oldu, təkəri partladı və sair- biz onu həll edirdik. Sonra bunu bəziləri öz paketlərinə daxil edərək Azərbaycanda yeni məhsul kimi qələmə verdilər”.

“Oğurlanan məhsulun sahibi heç nə edə bilmir”

“Beynəlxalq Sığorta” şirkətinin biznesin inkişafı departametinin rəhbəri Məmməd Həmidov fins.az-a bildirdi ki, belə hallar ən çox Kasko sığorta məhsullarında baş verir, çünki ən geniş yayılmış sığorta növüdür. Lakin tibbi sığorta, həmçinin daşınmaz əmlakın sığortasında da məhsulların da kopyalanmasına rast gəlinir: “Bazar məhdud olduğundan və burada rəqabət güclü olduğundan şirkətlər başqasının effektiv və perspektivli məhsulunun uğur qazandığını gördükdə tez onu kopyalayıb tətbiq edirlər. Bundan sonra həmin məhsulun sahibi heç nə edə bilməz. Çünki məhsulları patentləşdirilmir. Ölkəmizdə bu sahədə təcrübə yoxdur. Biz də daxil olmaqla heç bir şirkət məhsulunun müəllif hüquqlarını almır və məhsul oğurlandıqda heç nə etmək olmur”. Hərçənd M.Həmidovun sözlərinə görə, indiyədək “Beynəlxalq Sığorta”da belə hal olmayıb: “Biz özümüz unikal məhsullar hazırlayıb təklif edirik. Bizdən də hansısa məhsulu hazırlanana qədər oğurlamaq mümkün deyil, çünki məxfiliyə riayət edirik. Yeni məhsulumuzun hazırladığı haqda məlumat alan başqa şirkətlərin əməkdaşları müştəri adı ilə bizdən bu haqda informasiya tələb edəndə biz bunu ayırd edə bilirik və qarşısını alırıq”.

“Yeni məhsuldan ilk 3 ayda nə gəlir götürdüsə odur…”

Ümumiyyətlə, sığrta mütüxəssisləri "məhsul plagiatlığı" ilə bağlı maraqlı faktlar açıqlayırlar. Ekspertlərin fikrincə, iş o yerə çatıb ki, məhsulun əsl sahibi onun faydasını cəmi 3 ay görür: "İlk 3 ayda onun sahibi həmin məhsuldan nə gəlir götürdüsə odur, bundan sonra digərləri eyni məhsulu təklif edir və bazarın böyük hissəsini ələ keçirirlər. Ona görə də marketinq qaydaları tələb edir ki, rəqib bunu kopyalayanadək, sən yeni bir məhsulunu çıxarmalısan. Rəqib kopyanı tətbiqə başlayanda, sən bu məhsulun qazancını götürmüş olmalı, artıq yeni məhsulunu bazara təqdim etməlisən".

“Sığorta məhsullarının da müəllif hüquqları qanunla qorunmalıdır”

Mütəxəssislər bildirir ki, bu halların qarşısını yalnız məhsulu patentləşdirməklə almaq olar. Əli Bayramovun sözlərinə görə, əgər qanun imkan verirsə, sığorta məhsullarının da müəllif hüquqları qoruna bilər və qorunmalıdır. Belə məhsulların hazırlanması çox baha başa gəlir- həm maddi cəhətdən həm vaxt və enerji baxımından. Azərbaycanda belə təcrübəyə rast gəlmədiyini deyən şirkət rəsmisi qeyd etdi ki, əgər vəziyyət tələb edərsə öz məhsullarını patentləşdirə bilərlər: “Hər şirkət öz məhsulunu özü hazırlamalıdır. Kiminsə əziyyət çəkib hazırladığı məhsulu başqasının mənimsəməsi doğru deyil”. Hələlik isə bazarda patentləşdirilən məhsullur demək olar ki, yoxdur.