Bank

28 August
2

Tələbələr üçün bank və sığortada iş imkanı – SINAQ PROQRAMLARINA QOŞULUN!

Azərbaycanın bank-sığorta sektorunda tələbələr də işləyə bilər. Ölkənin bəzi bankları və sığorta şirkətləri kollektivlərində tələbələrə yer verməyə hazırdır. Bəzən bunun üçün tələbələrin elə həmin banklarda təcrübə keçmələri kifayətdir. Fins.az-ın məlumatına görə, bəzi bank və sığorta şirkətləri xüsusilə iqtidasi sahədə ali təhsil alan tələbələrə sınaq-təcrübə proqramları keçir. Və işə qəbul zamanı təcrübə keçmiş namizədlərə üstünlük verilir.

“Bu il təcrübə keçən 3 tələbəni işə qəbul etmişik”

“AXA MBASK” sığorta şirkətində rübdə bir dəfə tələbələr üçün bir sınaq-təcrübə proqramı keçirilir. Şirkətdən fins.az-a verilən məlumata görə, müsahibə mərhələsindən keçən 25 nəfər sığorta təlimlərinə cəlb edilir. Təlimləri bitirəndən sonra imtahandan keçən tələbələr işçi kimi “AXA MBASK”da işləyib təcrübə qazanmaq şansı əldə edir. İstəkdən aslı olaraq onlar 2 ay və daha çox işləyib sığorta şirkətində təcrübə əldə edə bilərlər. Şirkətdən bildirilib ki, indiyə kimi BDU, Qafqaz Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, Azərbaycan İqtisad Universitetinin iqtisadi sahədə təhsil alan tələbələri daha çox bu proqrama maraq göstərir. Uyğun vakansiya olduqda sığorta şirkətində təcrübə keçən sonuncu kursun tələbələri işə də cəlb edilir. Məsələn, bu il 3 nəfər təcrübə proqramı əsasında “AXA MBASK”ın maliyyə əməliyyatları, müştəri xidmətləri və insan resursları departamenlərində işə qəbul edilib. Sığorta şirkətindən bildirilib ki, sınaq-tərcübə proqramı haqqında əvvəlcədən şirkətin saytında və tələbə təşkilatları tərəfindən məlumat verilir.

Təcrübə keçib “Bank Standard”da da işləmək olar

“Bank Standard" da təcrübəsi olmayan, universiteti yeni bitirmiş istedadlı gəncləri işə dəvət edir. “Bank Standard”dan verilən məlumata görə, təcrübəyə əsasən iqtisadi və riyazi sahədə ali təhsilli gənclər cəlb edilir. Bunun üçün Azərbaycan, rus, ingilis dillərini və Microsoft Office proqramlarını bilmək vacibdir. Seçimlər zamanı ünsiyyət qurma bacarığı olan namizədlərə üstünlük verilir. İmtahandan keçən tələbələr bankda sınaq müddəti keçir. Sınaqdan uğurla keçən namizədlər işə qəbul olunmaq imkanı qazanırlar.