18 Noyabr

Azərbaycanın milli və xarici valyutalarda suveren kredit reytinqləri - «Expert RA Europe»

«Expert RA Europe» reytinq agentliyi Azərbaycanın milli və xarici valyutalarda suveren kredit reytinqlərini «BB+» səviyyəsində təsdiq edib.

Agentliyin saytında verilən məlumata görə, reytinqlər üzrə proqnoz “Stabil”dir.

“Azərbaycanın “ВВ+” səviyyəsində kredit reytinqləri güclü fiskal mövqe ilə əlaqədar kredit ödəmə qabiliyyətinin yetərli səviyyədə olduğunu, müsbət ticarət balansını və böyük həcmdə yığılmış ehtiyatları əks etdirir. Bundan başqa, iqtisadiyyatın sabitləşməsi inflyasiya və işsizliyin səviyyəsinin aşağı düşməsinə imkan verib”, - deyə məlumatda bildirilir.

“Stabil” proqnoz ortamüddətli perspektivdə reytinqlərin saxlanılma ehtimalının yüksək olduğunu göstərir.

«BB+» reytinqlərinin təsdiqlənməsi üçün müsbət amillər bunlardır: Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətli olması (Qlobal Rəqabətlilik İndeksi 2019 üzrə 58-ci yer), 2019-cu ildə xarici ticarət profisitinin ÜDM-nin 9,7%-i səviyyəsində olması, dövlət borcunun aşağı səviyyədə olması (ÜDM-nin 19,7%-i və dövlət büdcəsi gəlirlərinin 49,3%-i), işsizliyin aşağı səviyyəsi (5%) və 2019-cu ilin sentyabr ayına olan vəziyyətə görə ehtiyatların həcminin 7% artması.

Reytinqi məhdudlaşdıran amillər isə bunlardır: iqtisadiyyatın kreditləşdirilmə səviyyəsinin aşağı olması, bu isə özəl sektorun maliyyələşdirilməsinin bərpası üçün yetərli deyil, manata potensial təzyiq səbəbindən yüksək inflyasiya səviyyəsinə qayıtma riski, korrupsiya qavrayışının yüksək səviyyəsi və orta institusional inkişaf.

Reytinqə təsir edən mənfi amillər bunlardır: iqtisadiyyatın neft-qaz sektorunda güclü konsentrasiyası (ÜDM-nin 43%-i və ixracın 92%-i), bu isə iqtisadiyyatı karbohidrogenin qiymətinin dəyişməsinə qarşı həssas edir; bank sisteminin maliyyə dayanıqlılığı göstəriciləri ilə bağlı problemlərin qalması; büdcənin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərindən güclü asılılığı, dövlət borcunun strukturu.

Agentliyin qiymətləndirmələrinə görə, reytinqi dəstəkləyən amil ARDNF-də əhəmiyyətli maliyyə buferini təmin edən $42,5 mlrd. məbləğində aktivlərin olmasıdır.

Məlumatda qeyd olunur ki, Azərbaycan üzrə növbəti reytinqin 2019-cu ilin dekabr ayında nəşr olunacağı planlaşdırılıb.