12 Dekabr

Xoşbəxt Yusifzadə: "Bu günədək AÇG-dən 290 milyon tondan çox mənfəət nefti hasil edilib"

2019-cu il dekabrın 1-nə olan vəziyyətə görə, indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 498 milyon ton neft hasil edilib. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

“2019-cu il dekabrın 1-nə olan vəziyyətə görə, AÇG blokundan 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil edilib. Bunun 291 milyon tonu və ya blokdan hasilatın ümumi həcminin 58,5%-i Azərbaycanın mənfəət neftinin payına düşüb”, - deyə X.Yusifzadənin rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilir.

O vurğulayıb ki, 2019-cu il dekabrın 1-nə Azərbaycan neftinin dünya bazarlarına ixrac həcmi 555 milyon ton təşkil edib ki, bunun da 396 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir.