ANALİTİKA

01 Yanvar
3

Diqqət: Bunsuz səyahət etməyin

Səyahət etmək bir çoxlarının arzusu və hətta hobbisidir. Ancaq səfər etdiyi ölkədə xoşagəlməz hadisə nəticəsində səfərin bütün gözəlliyi məhv ola bilər. Xüsusən də əgər başımıza xəstəlik, qəza kimi hadisələr gələrsə.

Belə hallarda vəziyyətdən çıxış yolu kimi səyahət sığortası var və Azərbaycanın sığorta bazarına da qədəm qoyub. Səyahət sığortası ölkədən kənarda baş verən xoşagəlməz hadisələr üçün nəzərdə tutulub. Ancaq hələ ölkəmizdə sığorta sahəsində peşəkar fəaliyyət, təbliğat və maarifləndirmə yetərincə olmadığına görə bundan çox adam məlumatlı deyil. Xüsusilə də yaxın ölkələrə- Türkiyə, Gürcüstan, Rusiyaya səfər zamanı səyahət sığortasından istifadə demək olar ki, yada düşmür.

Bu günlərdə Gürcüstandan səfərdən qayıdan və xoş olmayan “ təsadüf” nəticəsində bu ölkəyə səfərini daha 17 gün uzatmağa məcbur qalan Sevda Mehdiyeva kimi.
S.Mehdiyeva deyir ki, Gürcüstana tez-tez səfər edir və bu səfərlərin heç birində indiki vəziyyətlə üzləşməyib. Səfərinin 4-cü günündə kiçik bir diqqətsizlik nəticəsində pilləkanlardan yıxılıb və ayağı sınıb: “Düşünməzdim ki, belə duruma düşə bilərəm. Kim fikirləşir ki, getdiyi yerdə xəstələnəcək, ya da başına belə iş gələcək. Səyahət sığortasının olduğundan xəbərdaram, işləyirəm, gündəlik xəbərləri izləməyə çalışıram. Amma səyahət sığortası etdirməyi heç vaxt düşünməmişdim. Ta ki başıma bu iş gələnə qədər.

Amma əslində bilirsiz, bu, mənə nəyi xatırlatdı? Biz uşaq vaxtı Bakıdan dincəlməyə kəndə gedəndə anam ayrıca dərman çantası hazırlayardı. Deyirdi ki, kənd yeridir, birdən gecə vaxtı uşağın hərarəti qalxdı, ya da boğazı ağrıdı. Əlimizdə də dərmana, həkimə pul olmaz. Ya da həkim gəlib çata bilməz. Buna görə də ehtiyat görürdü. İndi də anamızın dərman çantasının səyahət sığortası əvəzləməlidir”. Beləliklıə yıxıldıqdan sonra xəstəxanada keçirdiyi 17 gün və xərclədiyi vəsait həmsöhbətimizə səyahət sığortasının gərəyini başa salıb.

Sığorta üzrə mütəxəssis Valeh Əsgərovun sözlərinə görə, səyahət sığortası üzrə müqavilə müştəriyə tibbi (ambulator və stasionar) xidmətlər, tibbi daşınma/evakuasiya və repatriasiya, hüquqi yardım, baqajın itməsi, səfərin ləngiməsi kimi vəziyyətlərdə xidmətlər təklif edir. Bütün bu göstərilənlərlə bağlı çəkilən xərclər sığorta məbləği həddində ödənilir. Səyahət sığortasının qiyməti səfər edilən ölkədən, səfərin müddətindən və məqsədindən, sığorta ödənişinin maksimal həddindən asılı olaraq dəyişir.

V.Əsgərovun sözlərinə görə yaxın xaricə səyahət edən həmyerlilərimiz sığorta haqqında düşünmürlər. Onlardan fərqli olaraq uzaq xaricə səyahət zamanı sığorta müqaviləsi bağlanılır: “Ancaq bu o demək deyil ki, səyahət edən şəxs özü könüllü olaraq sığortaya maraq göstərir. Bu ona görə baş verir ki, Avropa ölkələrinə viza sığorta olmadan verilmir. Buna görə də həmvətənlərimiz istər-istəməz sığortalanırlar. Amma ildə bir neçə dəfə Gürcüstana və ya Rusiyaya səfər edən şəxs sadəcə bilet almaqla kifayətlənir və getdiyi ölkədə baş verə biləcək hadisəni gözardı edir. Başqa sözlə desək, insanlarımız öz sağlamlıqlarına da “könüllü” və ya “məcburi” prizmadan yanaşırlar. Baxmayaraq ki, sığorta məbləği o qədər də yüksək deyil”.

Mütəxəssisin sözlərinə görə, səyahət sığortasından istifadə də heç də həmişə müştərinin ürəyincə olmur. Bu isə bağlanan sığorta müqaviləsinə görə yaranır: “Azərbaycanlılarda imza atdıqları sənədi oxumamaq kimi bir xüsusiyyət var. Ancaq düşünmürlər ki, nəyə imza atdıqları ilk növbədə onları maraqlandırmalıdır. Sığorta müqaviləsini sırf viza almaq üçün imzalayırlar, yəni orda yazılanlardan nə zamansa istifadə edəcəklərini düşünmürlər.

Ancaq xoşagəlməz vəziyyətlə üzləşəndə müqaviləyə baxırlar və bu zaman öz mənafelərinin yetərincə qorunmadığını düşünürlər. Halbuki heç kəs onlara imzalamadan əvvəl müqaviləni oxumaq haqqından məhrum etmir. Sığorta şirkətləri də təbii ki, öz mənafelərinə uyğun işləyirlər və müştərini yox, öz mənafelərini nəzərə alırlar. Məsələn, müqavilə bağlayan şəxs ən azı dəqiqləşdirməlidir ki, zərurət yarandığı təqdirdə sığorta şirkəti ilə əlaqə yaratmadan əvvəl hansısa xərcləmələri etsin, yoxsa əlaqə yaradılanadək gözləsin? Yəni, məsələn xəstəxanaya müraciət etdiyi zaman sığortanı təqdim edib gözləsin, yoxsa müalicəyə başlasın? Çünki əksər hallarda sığorta şirkəti onlarla əlaqə yaradılmadan sərf edilən vəsaiti ödəməkdən imtina edir”.

Ancaq sığorta şirkətləri tərəfindən haqsızlığa məruz qaldığını düşünən şəxslər vətənə qayıtdıqdan sonra məsələni məhkəmə müstəvisinə çıxarmağı düşünmürlər. Vəkil Sadiq Rəsulovun fikrincə, bu insanların düşüncəsindən asılıdır. Yəni, xərclədiyi vəsaiti geri almaq üçün məhkəməni udacağına inanmadığı üçün bu məsələnin üstündən sakitliklə keçməyə üstünlük verirlər. 54 yaşlı İntiqam Şabəddinov Türkiyəyə səfər zamanı spirtli içkidən zəhərlənib, ancaq sığortası olduğu halda ondan yararlana bilməyib: “Qrup şəklində səfər etmişdik və bizə sığortamızın olduğunu bildirmişdilər. Mən içdiyim rakıdan zəhərləndim, ancaq müalicəmi öz hesabıma apardılar. Çünki qrup rəhbəri sığorta şirkətinin qaynar xəttinə zəng etmişdi, deyilənə görə güya bazar günü olduğuna görə əlaqə yaratmaq mümkün olmayıb. Mən iş gününün başlamasını gözləyə bilməzdim ki? 200 dollara yaxın pul ödədim. Bu məbləğə görə məhkəməyə getməyə dəyməzdi. O qədər pul da məhkəmə yolunda çıxacaqdı, axırda da sığorta şirkət udacaqdı”.

“Atəşgah” sığorta şirkətində də ölkəmizdə səyahət sığortasının inkişaf etməkdə olduğunu bildirirlər. Şirkətin məlumatına görə, 4-5 il əvvəlki vəziyyətlə müqayisədə mənzərə tam dəyişib: “O vaxtlar səyahətə çıxanların 99%-i məhz xarici ölkələrin səfirliyindən vizanı almaq üçün tələb olunduğuna görə sığortalanırdılar. Yəni, icbari qaydada. İndi isə xarici ölkələrə gedən turistlərin böyük əksəriyyəti səyahət sığortasını könüllü olaraq alır. Bu ciddi dəyişikliyin göstəricisidir. Artıq bizdə də sığorta mədəniyyəti inkişaf edir və maariflənmənin nəticəsi olaraq səyahət sığortası alanların say nisbəti hər il artır. Qısaca desək, 4-5 il əvvəlki vəziyyətlə müqayisədə 4-5 dəfə artım var”.

Şirkətdən bildirildiyinə görə, ən böyük problem məhz sığortalıların servis mərkəzinə zəng etmədən birbaşa klinikalara müraciət etmələri ilə bağlıdır: “Xarici ölkədə olarkən pulsuz tibbi yardımdan yararlanmaq üçün sığortalı servis mərkəzinə zəng edilməlidir. Yalnız bu zaman, operatorlar sığortalını servis mərkəzinin əməkdaşlıq etdiyi tibb müəssələrinə yönəldirlər və azadolma məbləğı ödəmək şərti ilə pulsuz tibbi yadrımla təmin edirlər. Əks təqdirdə, sığorta şirkəti servis mərkəzi ilə razılaşdırılmayan xərclərin ödənilməsindən imtina etmək hüququna malikdir”.

Müəllif: Elnarə ƏLOSMANQIZI
İnterpress.az