ANALİTİKA

01 Yanvar
7

Sığortaçıların çəkindiyi obyektlər - "BİNƏ" VƏ "SƏDƏRƏK"

İri ticarət mərkəzləri, bazarlarda fəaliyyət göstərən mağaza və dükanların böyük əksəriyyəti sığortalanmayıb. Halbuki, tez-tez belə mərkəzlərdə böyük yanğın hadisələri olur və həm onların sahibəri, həm də orada işləyən dükan-mağaza sahibəri böyük zərər düşürlər. Belə mərkəzləri həm də sığorta şirkətləri üçün böyük potensial bazardır. Bəs sığorta şirkətəri bu sahəyə niyə maraq göstərmirlər?

"Müqavilə bağlananda sığorta yada düşmür"
Sığorta şirkətlərində fins.az-a "Binə" və "Sədərək"dəki obyektlərin sığortalanmamasının əsas səbəbini sahibkarların bu sahəyə marağının az olması ilə izah edirlər: “Belə obyektlərin sığortalanması üçün ya ticarət mərkəzinin rəhbərinin, ya da burada çalışan sahibkarın marağı olmalıdır. Ticarət mərkəzinin sahiblərinin buna marağı yoxdur, çünki icarə müqavilələrində sığorta ilə bağlı bənd, yəni tələb yə ya şərt yoxdur. Öz növbəsində bu obyektdə ticarətlə məşğul olan sahibkarların da sığortaya marağı yoxdur. Nəticədə belə obyektlər sığortasız qalır".
Halbuki, sığorta mütəxəssislərinin fikrincə, əslində, bu obyektlər üçün rusklər böyük olduğuna görə, tərəflərdən biri hökmən onların sığortalanmasını öz üzərinə götürməlidir və bu icarə müqaviləsində qeyd olunmalıdır: "Müqavilədə əlavə sığorta bəndi açılmalıdır ki, bu məsələ öz əksini tapsın”.

“Sığortalansaydılar bu vəziyyətə düşməzdilər”
Sığortaçılar etiraf edirlər ki, bu sahə təbii ki, sığorta şirkətləri üçün potensial iri bazardır, lakin sadalanan səbəblər bu sahədə işə mane olur: “Biz dəfələrlə çalışmışıq ki, onları sığortaya cəlb edək, hətta cəlbedici şərtlərlə sığorta təklif etmişik, lakin sahibkarlar, nə də həmin ticarət mərkəzlərinin, bazarların sahibləri maraq göstərməyiblər. Halbuki, son illərdə “Binə”, “Sədərək” yarmarkalarında, “8-ci kilometr" bazarında bazarında dəfələrlə böyük yanğınlar olub və həm ticarət mərkləzlərinin sahibləri, həm də orada işləyən dükan və mazağa sahibləri külli miqdarda zərərə düşüblər. Çoxları indi banklardan götürdükləri kreditləri ödəyə bilmir. Əgər deyilən tələbləri təmin etsəydilər, biz onları sərfəli şərtlərlə sığortalayardıq və belə vəziyyətə düşməzdilər”.

“Yanğınsöndürən maşın üçün yol yoxdursa, sığortalamaq mənasızdır”
Amma sahibkarlar tərəfindən marağın olması işin hələ yarısıdır. Bəzi hallarda şirkətlərin özü belə obyektləri sığortalamağa çəkinirlər. Səbəbi burada təhlükəsizlik tədbrlərinin görülməməsidir. Ona görə də sığrta şirkətlərinə müraciət daxil olanda ilk növbədə belə obyektlərin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi, obyektin oğurluq hallarından yaxşı qorunması kimi tələblər qoyurlar: “Yanğın söndürən maşın girişi olan, içində yanğınsöndürmə balonları olan, elektrik sistemi qaydasında olan obyektəri sığortalamağa hazırlıq. Həm də, dükan və mağazanın təyinatından da çox şey asılıdır. Elə mallar var ki, yanğından zərər çəkmir, amma subasmadan xarab ola bilər və ya rəflərin yaxşı bərkidilməməsinə görə, bahalı qablar uçub sına bilər. Ona görə də, hərəsinin özünə uyğun şərtləri var”.
Amma əksər hallarda belə tədbirlər görülmədiyinə görə sığorta şirkətləri bu sahəyə maraq göstərmirlər: “Bizə belə obyektlərdən sığortalanma müraciətləri çox nadir halda olur- ildə bir dəfə olar, ya olmaz. Doğrusu biz özümüz də maraq göstərmirik, qeyd etdiyim problemlərə görə”.

“Rəsmi mühasibatlıq olmadığına görə, sığortalaya bilmərik”
"Binə" və "Sədərək"də malların sığortalanması ilə digər mühüm problem belə obyektlərdə rəsmi mühasibatlığın olmamasıdır. Çünki satış dövriyyəsinin rəsmi sənədlərlə qeydiyyata alınmayanda hadisə baş verən zaman zərərin məbləğini müəyyən etmək mümkün deyil: “Ekspertiza belə zərəri müəyyən edə bilmir.Tutaq ki, 100 dənə paltar yanıb kül olub, amma bu paltarın hər birinin qiyməti 200 manat ola bilər, 20 manat da".
Sığorta şirkətlərində bildirirlər ki, buelə problemlər ortaya çıxmaması üçün mağazalardakı mallarının sənədləri qaydasında olmalıdır: "Bu obkyetlərin- istər hüquqi şəxs olsun, istər fiziki şəxs- gətirdikləri mallarının həm gömrük bəyannamələri, malın alış və satış qiymətləri, vergi ödənməsi ilə bağlı sənədlər VÖİN və s. olmalıdır".
Məhz bu səbəblərə görə, şirkətlər rəsmi mühasibatlıq sənədləri olmayan, aylıq orta satış həcmi, mağazadakı və anbara daxil olan malların dəyərinin məlum olmadığı belə obyektləri sığortalamaqda maraqlı deyillər: "Yəni, əməkdaşlıq o halda baş tuta bilər ki, hər iki tərəfi qane etsin, heç bir tərəfin uduzmayacağı vəziyyət yaransın".