Analitika

01 January
1

Azərbaycanda dəfn sığortası lazımdırmı? - FİKİRLƏR FƏRQLƏNİR

Natiq Cəfərli: "Psixoloji cəhətdən bu ideya insanlar üçün qəbuledilməz olar"
Xəyal Məmmədxanlı: "Dəfn sığortasına bu gün Azərbaycanda real ehtiyac duyulur"

Rusiyanın "Rosqosstrax" şirkəti ölkədə ilk dəfə yeni mərasim sığortası təklif etməyə hazırlaşır. Şirkət rəhbərliyi elan edib ki, artıq bu sahədə araşdırmalar aparılıb və 2014-cü ilin ikinci yarısından mərasim sığortası bazara çıxarılacaq. "Rosqosstrax"ın hazırladığı mərasim sığortası müştəriyə dəfn xidmətinin göstərilməsini nəzərdə tutur. Yəni sığortalı dünyasını dəyişdiyi təqdirdə, onun dəfnini sığorta şirkəti təşkil edəcək. Bununla da sığortalı şəxs necə və kim tərəfindən dəfn olunacağı və ya yaxınlarının layiqli dəfn mərasimi təşkil edə bilməyəcəyindən narahatlıq keçirməyəcək. Şirkət rəsmisi bildirib ki, mərasim xidmətləri sığortasını tətbiq etməklə müştərilərin maraqları doğulandan ölənə qədər qorunacaq. Qeyd edək ki, bu xidmət əksər Avropa ölkələrində neçə illərdir tətbiq olunur və həyat sığortası siyasətinin vacib hissəsi kimi özünü doğruldub. Məlumat üçün bildirək ki, Azərbaycanda dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür. Sığorta olunanların dəfni üçün müavinətin hesablanması və ödənilməsi qaydası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə" ilə tənzimlənir. İqtisadçı-ekspert Natiq Cəfərli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, dəfn mərasiminin sığortası yeni ideyadır. Sığorta şirkətləri bu ideyadan yararlanaraq yeni məhsul kimi ortaya çıxara bilərlər: "Nəzərə almaq lazımdır ki, Azərbaycan müsəlman ölkəsidir. Psixoloji cəhətdən bu ideya insanlar üçün qəbuledilməz olar. Yəni sağlığında ölümü barədə düşünməsi, hətta dəfn mərasimini sığortalaması psixoloji cəhətdən qəbul edilməyə bilər". Ekspertin sözlərinə görə, dəbdəbəli yas mərasimləri islam qaydalarına da ziddir: "Təcrübəni kənarda axtarmaq lazım deyil. Elə Naxçıvan Muxtar Respublikasında yas mərasimləri Bakıda və digər regionlardakı kimi ağır olmur, yəni çox xərc aparmır. Bundan başqa, biz Rusiyadan təcrübə götürməzdən əvvəl, öz dinimizin, islam dininin qoyduğu tələbləri yaxşı-yaxşı öyrənməliyik ki, müsəlmanın birinci borcu rəhmətə gedən adamı lazımi şəkildə dəfn etməkdir. Bütün hay-küy, nəyisə nümayiş etdirmək əvvəla islamdan kənardır. Düzdür, bizim yas mərasimləri ilə bağlı adət-ənənələrimiz var. Ölənin ruhunun şad olması üçün yaxınlar bir yerə yığılırlar, təziyələr olur, başsağlığı verməyə gəlirlər və s. Bu əlavə dəbdəbə və hay-küy isə birmənalı olaraq kəskin tənqid olunmalı və ləğvi üçün müvafiq tədbirlər görülməlidir. İstər qanunvericilik baxımından, istər inzibati cəhətdən, istər ictimai qınaq tərəfdən müvafiq işlər görülməlidir. Belə yas mərasimlərinin keçirilməsi lazımsızdır. Bu, ölkəyə gələn çoxsaylı qonaqlarımız tərəfindən də mənfi qarşılanır". Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlının sözlərinə görə, adıçəkilən sığorta növünə bu gün Azərbaycanda real ehtiyac duyulur: "Mən artıq bir neçə sığorta şirkətinə bu haqda təklif vermişəm. Günümüzün reallığına baxsaq, görərik ki, bu, Azərbaycanda ən çox satılacaq sığorta növlərindən biridir. Rusiyada dəfn xərcləri çox az olsa da, bunu həyata keçirirlər. Amma Azərbaycanda orta bir dəfn mərasimini yola vermək üçün ən az 15-20 min manat xərc lazımdır. Hələ bu, orta təbəqəyə aiddir. Bu, həm ayrı bir sığorta növü kimi, həm də həyat sığortalarının və ya fərdi qəza sığortalarının tərkib hissəsi olaraq satıla bilər. Bu o deməkdir ki, məsələn, insanlar fərdi qəza sığortası alırlar, qəzalardan sığortalanırlar, orada yalnız ölüm halında və ya əmək qabiliyyətinin itirilməsi halında müəyyən məbləğlərdə ödənişin verilməsi nəzərdə tutulur. Ora bunu da əlavə etmək olar. Dəfn üçün ödəniləcək xərclərə müəyyən limit də qoyula bilər. Ayrıca bir sığorta növü kimi həyata keçiriləndə isə, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə əgər sığortalı və ya ailənin üzvlərindən hər hansı biri xəstəlikdən yox, hər hansı gözlənilməz hadisə nəticəsində vəfat edərsə, müəyyən məbləğə qədər sığorta şirkəti tərəfindən ödənilə bilər".

Bakı Xəbər