Analitika

01 January
1

Sığorta mübahisələri kimin xeyrinə həll olunur? – ANALİTİKA

Tahir Əliyev, Bakı Hüquq Mərkəzinin hüquqşünasının məqaləsi

Sığorta münasibətləri nəticəsində son zamanlarda tərəflər arasında yaranan məhkəmə mübahisələrinin artması, bir neçə amillə bağlıdır. İlk olaraq qeyd edim ki, sığortalıların sayı artmaqdadır. Nəticədə baş verə biləcək sığorta hadisələrinin sayının artma ehtimalı yaranır və bunun məntiqi nəticəsi kimi məhkəmə mübahisələri yaranır.
Nəzərinizə çatdırım ki, ölkəmizdə əsasən avtonəqliyyat vasitələrinin icbari və kasko sığorta münasibətləri üstünlük təşkil edir və yaranan məhkəmə mübahisələrinin əsas hissəsi bu sahə ilə əlaqəli olur. Lakin, daşınmaz əmlakın sığortası, həyat sığortası ilə bağlı da məhkəmə mübahisələrinə rast gəlinir.
Təəssüf hissi ilə qeyd etmək istərdim ki, sığortalıların müqavilə şərtlərinə əməl etməmləri və ya müqavilədəki bəzi şərtlərlə razı olmadıqlarını yalnız məhkəmə prosesinin gedişi zamanı bildirmələri halları tez-tez baş verir. Bu sahənin ölkəmizdə yeni yaranan, inkişafda olan sahə olması və sığorta mübahisələri ilə bağlı işlərdə vahid məhkəmə praktikasının formalaşmaması bir çox problemlər yaradır.
Misal olaraq qeyd edim ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası ilə bağlı yaranan mübahisələrdə sığorta təşkilatları(sığortaçı) sığorta hadisəsi barədə vaxtında(müəyyən vaxt ərzində) məlumat verməməklə bağlı sığortalıya sığorta ödənişi verməkdən imtina edirlər. Lakin, sığortalı müqavilə şərtinin ədalətsiz olmasını əsas gətirir və sığorta təşkilatına qarşı məhkəmədə iddia qaldırır. Qeyd edim ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortaçıya vaxtında məlumat verilməməsi sığortaçının hadisə nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərin miqdarını müəyyənləşdirməkdən, hadisənin baş vermə səbəblərini araşdırmaqdan və digər hallardan məhrum edir. Bu cür mübahisələrlə bağlı təqribi olaraq 80% işlərdə, sığortalıların iddiaları təmin edilmir.
Daşınmaz əmlakın yanğından sığortası ilə bağlı yaranan məhkəmə mübahisəsindən misal çəkməyi zəruri sayıram. Yanğının baş vermə səbəbi kimi evin boyalanması və boyanın tez quruması üçün evi gecə vaxtı boş saxlayaraq sobanın işlək vəziyyətdə saxlanılması olmuşdur. Tərəflər arasında bağlanılmış müqavilənin ayrılmaz tərkib hissəsi olan Sığorta qaydalarına əsasən, təhlükəsizlik qaydalarının pozulması olan sığorta hadisələrinə görə sığortaçı sığorta ödənişi verməkdən imtina etmək hüququna malikdir. Məhz bu səbəbdən sığorta təşkilatı tərəfə sığorta ödənişi verməkdən imtina etmiş, tərəf sığorta şirkətinə qarşı məhkəmədə iddia qaldırmış və nəticədə iddiası təmin olunmamışdır.
Yüklərin sığortalanması ilə bağlı yaranan və az təsadüf olunan iddia da məhkəmələr tərəfindən təmin edilməmişdir. Sığortanın predmeti xaricdən Azərbaycana daşınan bitkilər olmuşdur. Lakin, yükün boşaldılması zamanı bitkilərin bir hissəsinin tamamilə məhv olması aydınlaşmışdır. Bununla bağlı müvafiq xidməti rəy də tərtib olunmuşdur. Tərəflər arasında bağlanmış yük sığortası müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Yük sığortası qaydalarının şərtlərinə əsasən sığorta şirkəti tərəfə sığorta ödənişi verməkdən imtina etmişdir. Tərəf bununla razılaşmamış və sığorta şirkətinə qarşı iddia qaldırmışdır. Qeyd edim ki, məhkəmələr məhz həmin Yük sığorta qaydalarına əsaslnaraq tərəfin iddiasını əsassız saymışdır. Belə ki, Yük sığorta qaydalarına əsasən yüklərin qablaşdırılmasının lazımı şəkildə edilməməsi, yükün təbii xüsusiyyətlərindən (xarab olma, azalma, paslanma, kiflənmə, əksilmə, sınma, öz-özünə alışma və sairə) xarab olması sığorta təminatı ilə əhatə olunmur.
Əsas problemlərdən biri hüquqşünasların sığortalılara düzgün hüquqi məsləhət verməməsi nəticəsində yaranır. Onların yalnış məsləhətləri nəticəsində sığortalı özünün haqlı olduğunu düşünür, sığortaçıya qarşı iddia qaldırır, məhkəmə xərclərini çəkir və nəticədə iddiası təmin edilmədiyi halda ona yalnış məsləhət verən hüquqşünası deyil, yalnız sığorta təşkilatını qınayır. Bu cür hallar ölkəmizdə sığorta təşkilatlarının nüfüzuna ciddi zərbə vurur və vətəndaşların onlara qarşı olan inamını azaldır.
Sığortalıların baş vermiş hadisə ilə bağlı sığorta təşkilatına və ya müvafiq dövlət orqanına yanlış məlumat verməsi və ya hər-hansı məlumatın və ya faktın gizlədilməsi də aktual problerlərdəm biridir.
Ümumiyyətlə, müqavilə münasibətlərinə girən hər bir şəxs, müqavilə şərtlərinə, müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq sığorta qaydalarına, sığorta qanunvericiliyə və Mülki Məcəllənin normalarına əməl etdiyi halda sığorta ödənişi tələb etmək hüququna malikdir.