Analitika

01 Yanvar
2

Azərbaycanda sığorta agentləri yaxşı qazanır - VİDEO

Azərbaycanda gənclərin, xüsusilə də regionda yaşayan gənclərin özlərinə biznes və karyera qurması üçün əla imkan var. Bu - sığorta agenti peşəsidir. Hazırda Azərbayanda bu peşə ilə ayda bir neçə min manat gəlir əldə edən sığorta agentləri var.
Avropa təcrübəsini, yəni hər min nəfərə 1 sığorta agentinin düşdüyünü nəzərə alanda Azərbaycanda 10 minə yaxın agent olmalıdır. Amma hələlik bu rəqəm min nəfərə də çatmır - deməli sığorta agentlərinin artması gözlənilir, hazırda isə müştəri tapmaq çətin olmamalıdır.
Bəzi gənclər artıq bu imkandan faydalanmağa başlayıblar - adətən belə sığorta agentlərinin ilk müştəriləri yaxın adamları və tanışları - dostlar, qohumlar, tələbə yoldaşları olur.
Sığorta agenti kimi cəmi bir ildir ki, fəaliyyət göstərən Nicat Əlibəyli ilk müştərisini Facebook-da tapıb: "Əvvəllər başqa bir yerdə işləyirdim. Elə həmin yerdə iş yoldaşlarımın avtomobillərini sığortaladım, sonra dayım oğlu və digər qohumlarımın və s. Beləliklə, biznesim genişləndi".
Sığorta agenti peşəsinin perspektivindən danışan ekspertlər Türkiyə bazarını misal göstərirlər. Bu Türkiyədə geniş yayılmış peşələrdən biri sayılır. İndi qardaş ölkədə 34 mindən çox sığorta agenti müştəri axtarmaqla məşğuldur. Onların əksəriyyəti üçün bu sabit və yüksək gəlir mənbəyidir. Agentlərin aylıq gəliri bir neçə min avro təşkil edir, bəzi agentlərdə isə 50 min avroya çata bilir.
AXA MBask sığorta şirkətinin satış və marketinq üzrə kuratoru Seda Boranın sözlərinə görə,
Azərbaycanda sığorta agenti işi yeni peşə sayılır. Amma burada agentlərə çatan komission haqları Türkiyədkindən yüksək olduğundan burada agentlərin qazanc imkanları daha böyükdür: "İşə ciddi və peşəkar yanaşsalar sığorta agentləri böyük gəlirlər əldə edər və bu sahədə ciddi biznes qura bilərlər".

Müşahidələr göstərir ki, Azərbaycanın regionlarında sığorta agentləri daha çox fayda götürə bilərlər. Əvvəla, indi bütün sığorta şirkətləri regionlara can atırlar. Digər tərəfdən, regionlarda sığorta hələ geniş yayılmadığından burada müştəri tapmaq paytaxtdakına nisbətən qat-qat asandır. Ona görə də, regionlardakı gənclər asanlıqla bu sahədə biznesə başlaya bilərlər.
Yeri gəlmişkən, indiyədək sığorta agenti işləmək üçün azı 21 yaş olmalıydısa, indi bu rəqəm 19-a enib. Gənclərin bəziləri artıq buna maraq göstərir.
Azərbaycanın iri sığorta şirkətləri də getdikcə daha çox agentlərlə işləməyə üstünlük verirlər. Çünki bu daha sərfəlidir. Xüsusilə regionlarda sığorta şirkətlərinin filialları az olduğuna görə, agentlərə tələbat böyükdür. "Atəşgah" Sığorta Şirkətinin sədr müavini Musa Məmmədov bildirir ki, son vaxtlar regionlarda sığortaya marağın artması da sığorta agenti peşəsinin perspektivini artırır: "Hətta region əhalisinin nisbətən konservativ olması da bu işə mane olmur, əksinə, insanlar görəndə ki, bu işi onların tanıdığı adam təklif edir, ona etibar artır".
Şirkət nümayəndəsinin sözlərinə görə, sığorta agenti peşəsini əldə etmək çətin deyil. Bu işdə onlara istənilən sığorta şirkəti kömək edə bilər: "Sadəcə sığorta şirkətinə yaxınlaşmaq lazımdır, məsələn bizim "Atəşgah" sığrta şirkətimizdə də mütəmadi sığorta agenti kursları təşkil olunur. 3 həftə davam edən bu təlimlərdə iştirak etdikdən sonra onlar ilkin təcrübə keçərək müştəri ilə işləməyi öyrənirlər. İmtahan verib lisenziya aldıqdan sonra isə mütəqil fəaliyyətə başlamaq olar".
Ekspertlər bildirir ki, sığorta agenti fəaliyyəti ilə ikinci iş kimi də məşğul olmaq mümkündür. Belələri öz peşəsi olub müxtəlif sahələrdə çalışanlardır - onlar sığorta agenti işini əsasi şləri ilə birləşdirirlər. Məsələn avtomobil salonları avtomobillərin, əmlak alqı-satqı ofisləri isə əmlakın sığortasında iştirak edə bilərlər. M.Məmmədovun sözlərinə görə, hazırda yeni tikilən yaşayış binalarının koperativ rəhbərləri və ya avtoyuma məntəqələrində çalışan lar da sığorta agenti fəaliyyəti ilə məşğul ola bilərlər. İndi belələri az deyil.

"Space TV"nin "Sizin üçün" verilişinin növbəti buraxılışı da sığorta agenti peşəsinə həsr olunub:

"Sığorta agenti peşəsi və onun gəlir imkanları" I hissə

"Sığorta agenti peşəsi və onun gəlir imkanları" II hissə