ANALİTİKA

01 Yanvar
6

Qəzaların böyük hissəsi - İSTİRAHƏT MÖVSÜMÜNDƏ BAŞ VERİR

Avtomobil qəzalarının, xüsusilə də ağır qəzaların böyük hissəsi axşam və gecə saatlarında baş verir. Bu barədə fins.az-a "AXA Mbask" şirkətinin sığorta ödənişləri üzrə əməliyyat idarəsinin direktoru Ceyhun Qurbanlı bildirib. Onun sözlərinə görə, axşam və gecə saatlarında ağır qəzalar xüsusilə yay aylarında daha çox olur ki, bunun da səbəbi istirahət əhval-ruhiyyəsi, avtomobil sükanı arxasında daha çox gənclərin əyləşməsi olur.
Qeyd edək ki, ötən gün İcbari Sığortalar Bürosu avtomobillərlə bağlı sığorta hadisələrinin ilin müxtəlif dövrləri və həftənin günlərindən asılılığı ilə bağlı məlumat yayıb. Həmin məlumata görə, ən çox sığorta hadisələri iyul ayında törədilir. Həftənin günlərinə gəldikdə isə sığorta hadisələri daha çox bahar ertəsi günü baş verir.
C.Qurbanlının sözlərinə görə, avtomobillərlə bağlı sığorta hadisələri təkcə iyulda yox, bütün yay aylarında artır və bunun səbəbi istirahət mövsümüdür: "Yay aylarında şəhərlər arası hərəkət intensivləşir, Bakıdan rayonlara istirahətə gedirlər, həmçinin dəniz mövsümü ilə bağlı çimərliklərə axın başlayır. Yollarda intensivlik yüksəlir və hadisələr də baş verir. Son illər avtomobil yolları abadlaşdığına görə, burada sürətlər də artır və təəssüf ki, belə hadisələr daha ağır olur".
İstirahət və bayram günlərində baş verən qəzalar zamanı dəyən zərərin böyük olmasının səbəbi də budur - şəhər daxiində sürət həddi nisbətən aşağı - orta hesabla 60 kilometr saat olduğuna görə, baş verən qəzalar nəticəsində dəyən zərər o qədər də böyük olmur. Şəhər kənarında isə sürət yüksək olduğuna görə, baş verən hadisələrin nəticəsi daha ağır olur. Hərçənd, C.Qurbanlı bildirir ki, yenicə başa çatmış Yeni il bayramı günlərində sığorta hadisələri normadan az olub.
Həftənin günlərinə gəlincə, ekspertin sözlərinə görə, sığorta hadisələri həftə sonu - yəni cümə günləri daha çox baş verir: "Çünki həftə sonu maşınların rayonlara və bağ evlərinə axını başlayır, eləcə də iş həftəsinin sonunda insanlar yorğun olurlar ki. bu da onların diqqətsizliyinə və sığorta hadisəsinin baş verməsinə səbəb olur". Həftənin bazar ertəsi günləri isə əksinə, sürücülər həm yaxşı istirahət etdiklərinə görə, həm də iş həftəsi yeni başladığına görə daha diqqətli olur və hadisələr daha az baş verir.