Analitika

01 Yanvar
2

Sığorta fırıldaqları tarixi-1

Sığorta ilə bağlı fırıldaqlar, demək olar ki, sığortanın özü ilə birlikdə yaranıb. Artıq neçə əsrlərdir ki, fırıldaqçılar sığortadan varlanmaq üçün istifadə etməyə çalışırlar. Sığorta dələduzluğu dünyada ən çox yayılmış və ən gəlirli cinayət növü sayılır. Bəziləri buna nail olur, amma əksər hallarda işin üstü açılır. Fins.az dünyada sığorta fırıldaqlarının tarixini təqdim edir.

“Onların hər biri ölümə məhkumdurlar”
Sığorta dələduzluğunun tarixi elə sığorta işinin yaranması ilə təqribən eyni vaxta təsadüf edir. Bu tip dələduzluğu törətmək kifayət qədər asan idi, belə ki, fırıldaqçı bunun qarşılığında yaxşı qazanc əldə edirdi, günahını isə sübut etmək çox vaxt olduqca çətin idi. Avropada ilk dələduzlar hələ orta əsrlərdə, müştəri və bankirlərin öz ticarət gəmilərini sığortaladığı zamanlarda fəaliyyətə başlayıblar. Çoxları elə onda dərk etmişdi ki, köhnə gəmiləri tullantı mallarla yükləyib onu dənizin dibinə batıraraq sığortasını tələb etmək rəqiblərlə müştərilərin ağlı və pul kisələri naminə vicdanla mübarizə aparmaqdan daha asan başa gəlir.
Bu tip fırıldaqlara qarşı ilk qanunlardan biri 1435-ci ildə Barselonada qəbul olunub. Bu ticarət şəhərinin idarəçiləri çox sərt şəkildə gəmi yükünün tam şəkildə onun bazar qiymətinə sığortalanmasını qadağan etdilər. Dələduzlar daha artıq tamahlanmasınlar deyə sığortalanmış yüklərin özlərinin də qiymətinin artırılması qadağan edildi. 1468-ci ildə isə Venesiya Respublikasında yük və gəmilərin sığortalanması zamanı qarşıya çıxan mübahisəli məsələlərin həllini xüsusi məhkəməyə həvalə edən qanun qəbul edildi. Preambulada deyilirdi ki, “insanın nöqsanlı təbiətində pul uğrunda savaşmaq vardır”. Sığortaçılar və onların müştəriləri arasındakı o zamankı mübahisələr indikindən çox da fərqlənmirdilər: birincilər sübut etməyə çalışırdılar ki, sığortalanmış əşyalarla baş vermiş bu hadisələr – sığorta hadisəsi deyil, ikincilər isə qanuni haqqları olmadığı təqdirdə də sığorta şirkətlərindən pul almağa çalışırdılar.
Sonrakı əsrlərdə Avropa dəniz ticarəti daha da canlandı, onun əhatə dairəsi isə Aralıq dənizindən qitənin şimal-qərbinədək uzanmağa başlamışdı. XVI əsrin sonlarında Amsterdam şəhəri onun əsas mərkəzinə çevrildi. Sığorta müqavilələri burada daha çox bağlanmağa başladı. Dələduzluq o həddə gəlib çatmışdı ki, 1598-ci ildə Amsterdam hakimiyyəti onlara qarşı ən şiddətli tədbirləri özündə əks etdirən qanun qəbul elədi. Qanunda deyilirdi: “Hər hansı bir yalan və saxtakarlıq yolverilməzdir, çünki müqavilələr qarşılıqlı güvənə əsaslanır. Əgər axtarışlar nəticəsində sığortaçılar və ya sığortalılar – yəni kapitanlar, gəmi sahibləri, losmanlar və ya sığorta hadisəsiylə bağlı digər insanların dələduzluq, yalan və ya saxtakarlıq faktları aşkarlansa, onlar nəinki öz pullarından məhrum olunacaqlar, hətta vurulan zərərin qarşılığını ödəmək məcburiyyətində qalacaqlar. Həmçinin onlar bədən cəzasına da məruz qalacaqlar ki, digərləri bundan nəticə çıxara bilsinlər. Yox, əgər korrupsiya və ciddi fırıldaqçılığa əl atdıqları məlum olarsa, onlara quldurlar kimi ölüm cəzası kəsiləcək”.
Bu tip sərt qanunlar Avropanın bir çox vacib ticarət mərkəzlərində - Antverpen, Brügge, Lübeke və Londonda qəbul olunmuşdular. Bununla bağlı bəzi sənədlərdə dəniz dələduzluğunun üsulları ətraflı sadalanırdı. İngiltərənin XVIII əsrin əvvəllərinə aid qanununda yazılırdı: “Əgər kapitan, gəmi sahibi, və ya gəmiyə təyin olunmuş matros yaxud zabit gəmini bilərəkdən batırar, yandırar və ya hər hansı bir üsulla məhv edərlərsə; ya da müştərilər bu niyyətdən xəbərdar olduqları təqdirdə öz mallarını həmin gəmiyə yükləyərlərsə, onların hər biri ölüm cəzasına məhkum olunacaqlar”.
Qanunlar sərt idi, lakin bu qəddarlıq heç də həmişə yerinə yetirilmirdi. XVIII əsrin tarixçiləri öz gəmisini Hall, Mançester, Liverpul, Bristol və digər şəhərlərində sığortalamış və ilk fürsətdə həmin gəmini batırmaq niyyətində olan Smitis adlı ingilis müştəri haqqında yazırdı ki, onun bu niyyəti aşkarlansa da, ona qarşı heç bir tədbir görülməmişdi.
XIX əsrdə dəniz fırıldaqları hələ də sığorta dələduzluğunun ən çox yayılmış növlərindən biri olaraq qalırdı. Bununla belə, qanunların sərtliyi əvvəlki kimi dələduzların cəzasız qalacağına zəmanət verirdi. Məşhur “Meri Seleste” gəmisi 4 dekabr 1872-ci il tarixində spirtlə dolu yüklə Cəbbəlüttariq boğazından 600 km aralıda aşkarlanmışdı. Gəmi yiyəsiz bir şəkildə suda dolanırdı, çünki gəmi heyəti naməlum səbəbdən onu tərk edib getmişdi. O zamandan bununla bağlı bir neçə səbəb ehtimal olunmuşdu. Bunlar arasında Bermud üçbucağının təsiri və yadplanetlilərin hücumu versiyaları da yer alırdı. Gəmi heyətinin itməsi ilə bağlı sirrin üstü bəlkə də heç vaxt açılmayacaq, lakin bu itkidə mistik qüvvələrin rolunun olmaması dəqiqdir.
Bu gəmi haqqında pis reputasiya 1872-ci ildə baş vermiş faciədən öncə də formalaşmışdı. “Meri Seleste” gəmi heyətinin sirli qeybindən sonra isə ümumiyyətlə onu lənətlənmiş gəmi hesab etməyə başladılar, ona görə də çox az adam bu gəmi ilə dənizə açılmaq istəyirdi. 13 il ərzində gəmi 17 dəfə satın alınmış və beləliklə, tədricən yararsız hala düşmüşdü. Nəhayət ki, onu dəyər-dəyməzinə hər zaman yüngül pul qazanmağı arzulayan kapitan Parker alır. “Meri Seleste” gəmisinin anbarı pişik yemi, dəyərsiz ayaqqabı kimi lazımsız, tullantı mallarla dolu idi, lakin buna baxmayaraq, gəmi özü və içərisindəki yük 5 fərqli şirkətdə 34 min dollar məbləğinə sığortalanmışdı. Parker gəmini Haiti sahillərinə apararaq dəniz riflərinə çırpdı, lakin “Meri Seleste” batmadı. Bu zaman kapitan gəmini yandırmağa çalışdı, lakin yanğın da gəmiyə elə bir ciddi ziyan vurmadı. Deyəsən, “Meri Seleste” doğrudan da lənətlənmiş gəmi idi. Parker sığorta şirkətlərini aldatma cəhdinə görə həbs olundu və məhkəmə qarşısına çıxarıldı. Kapitanın günahı tamamilə sübut olundu və o zamankı qanunlara görə onu ölüm cəzası gözləyirdi. Məhz bu səbəbdən, məhkəmə heyətinin ona yazığı gəldi və onu azadlığa buraxdılar.

Yazı xarici mətbuatın materialları əsasında hazırlanıb
(Ardı var)