ANALİTİKA

01 Yanvar
6

“Baden Badenin mavi gecələri”

"Baden Badenin mavi gecələri"

"Fransız əhli kef edir" və sair, və ilaxır. "Şərikli çörək" filmindəki fokusçu nə qədər haqlıymış. Almaniyanın, ümumiyyətlə Avropanın ən gözəl guşələrindən və məşhur kurortlarından olan Baden Baden işləməyi və yaşamağı bacaranların şəhəridir. Üstəlik, hər il bu şəhər bir həftəliyə Avropanın sığorta paytaxtına çevrilir.

9 milyardçı, 600 milyonçu və 35 min xoşbəxt

Baden Baden klassik turizm məkanıdır - 35 min əhalisi olan bu kiçik, sakit və yaşıl şəhəri hər il 600 minə yaxın turist ziyarət edir. Sakinlər fəxrlə bildirirlər ki, sakinlər arasında 9 milyardçı, 600 milyonçu var. "Belkə də küçədə onlarla rastlaşmısınız, onlar cangüdənlə cəzmirlər, heç bizdən fərqlənmirlər, sadədilər"-deyə şəhərdəki həmyerlələrimizdən biri Vidadi bəy bizə Badeni tanıdır.

Sakinlərin əksəriyyəti sakit, zəhmətsevər, ən əsası qanunpərəst almanlardır. Təsəvvür edin ki, şəhərin yollarında tək-tük kamera var - bilirlər ki, qaydaları pozan olmaz.

Amma "Şərikli çörək"dəki "Fransız əhli" ifadəsi də o qədər səhv deyil - Fransa sərhədi 7-8 kilometrlikdədir. Tormozu bir az gec sıxsan, "bonjur", "mersi" eşidəcəksən.

Gəmi ilə gələn sığortaçılar

Amma bu sakit şəhər hər il oktyabrın sonunda Avropalı sığortaçıların məskəninə çevrilir. Bunun tarixçəsi müharibədən sonrakı illərə gedib çıxır. Həmin vaxt Avropa və alman dənizçi şirkətləri problemlərini və planlarını müzakirə etmək üçün hər il bura toplaşırdılar. Gəmiçilərlə birlikdə onların ayrılmaz partnyorları sığorta şirkətləri də bura gəlirdilər. 1978-ci ildə dənizçilərin konfransı başqa yerə köçürüldü. Amma sığortaçılar, təkrar sığortaçılar və brokerlər hələ də Almaniyanın cənub şəhərində görüşməyə davam edirlər. Nəticədə o vaxtdan indiyədək hər il oktyabrın sonuncu bütöv həftəsi Almaniyanın Baden Baden şəhərində sığortaçıların qeyri-rəsmi toplantısına Avropanın ən böyük sığorta və təkrar sığorta şirkətləri, eləcə də sığorta biznesi ilə əlaqəli sahələrdə fəaliyyət göstərən şirkətlər qatılırlar.

Ən maraqlısı da odur ki, bu toplantı ilə bağlı hər hansı mərkəzi tədbir-filan, məsələn, rəsmi açılış və ya bağlanış mərasimləri olmur. Sadəcə dünyanın hər yerindən sığorta şirkətləri əvvəlcədən bir-birlər ilə əlaqə saxlayıb şəhərin hansı otelində və ya konfrans zalında görüşəcəklərini razılaşdırırlar.

Burada onlar sığorta bazarındakı əsas trendləri (prosesləri), aktual riskləri, yeni sığorta məhsullarını müzakirə edir, bir-birlərinə təkrar sığorta risklərini ötürürlər. "Əlbəttə ki, bu üsul daha yaxşıdır. Partnyorlarımızın hər biri ilə görüşmək üçün ayrıca səfərə getsək, gərək bütün ili yollarda olaq. Burda isə bir gündə 10-15 görüş keçirib bütün məsələləri müzakirə edə bilirsən"-deyə Baden Baden Forumunda iştirak edən Azərbaycanın "AzRe" təkrar sığorta şirkətinin sədr müavini Vüsal Abbasov forumun faydalarını izah edir.

20 il əvvəldən sifariş olunan hotel nömrəsi

Hər il Baden forumu zamanı şəhərə bir neçə min sığorta, təkrar sığorta və sığorta brokerləri şirkətlərinin nümaynədələri axışır. Demək artıqdır ki, şəhərdəki bir neçə mehmanxana bütün qonaqları qəbul etmək imkanına malik deyil. Ona görə də forum günlərində nəinki Baden Badendə, hətta ondan 10-20, bəzən hətta 40 kilometr uzaqdakı şəhərlərin otellərində yer tapmaq mümkün olmur. Oteldə yerləşə bilməyənlər xüsusi mənzilərdə - apartamentlərdə kirayə qalırlar - bu da Baden sakinlərinin gəlir mənbələrindən biridir, amma cəmi bir həftə çəkir. Ona görə də iri sığorta şirkətlərinin əksəriyyəti Badendəki otel nömrələrini bir neçə il qabaqcadan kirayələyirlər. elə şirkət var ki, onun nümaynədəsi bura 20 il sonra da gəlsə, harada yaşayacağı məlumdur - fərqi yoxdur ki, kim gələcək.

Badendə Azərbaycan Gecəsi

Artıq bir neçə ildir ki, Baden Baden forumuna Azərbayjan da qatılır. Azərbaycanın sürətlə böyüyən sığorta bazarı daima yeni xarici partnyorlar tapmağı, təkrar risklərin ötürülməsini tələb edir və bunun üçün Baden Baden forumundan yaxşı yer tapmaq mümkün deyil.

Bu dəfə Azərbaycanı Baden Baden Forumunda Maliyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin, Azərbaycan Sığortaçılar Assosiasiyasın ın (ASA), İcbari Sığorta Bürosunun və bir sıra sığorta şirkətlərinin rəhbərliyi və nümayəndələri təmsil edirdi. Bunlar “AzSığorta”, "Azərsığorta", “Atəşgah”, “Atəşgah Həyat”, “Paşa Həyat Sığorta”, “İPƏK YOLU SIĞORTA”, “Standard Insurance”, “AtaSığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Qala Həyat” sığorta şirkətləri və "AzRe" təkrar sığopta şirkətləri idi. Forum çərçivəsində sığorta şirkətləri və sığorta qurumlarının xarici şirkət və qurumlarla müxtəlif işgüzar görüşləri keçirilir. Görüşlərdə yeni partnyorların tapılması, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi ilə bağlı müzakirələr aparılır.

“Standard Insurance” şirkətinin idarə heyətinin sədr müavini Aydın Rəhmanovun sözlərinə görə, Baden Baden konfransı əsasən təkrar sığorta sahəsində əməkdaşlığı əhatə edir: "Yəni partnyorlarla tanışlıq, yeni partnyorların tapılması və problemlərin müzakirəsi. Bundan başqa, müzakirələrdə yeni məhsulların hazırlanması və yerli bazara çıxarılması da diqqət mərkəzindədir".

"Paşa Həyat" sığorta şirkətinin departament direktoru Eldar Veysəlov bildirib ki, forum çərçivəsində şirkətin 20-dən artıq məhsuldar görüşü keçirilib: "Görüşlərdə, Avropanın sığorta bazarında tətbiq olunan və hələ Azərbaycana gəlməmiş sığorta məhsulları barədə də məlumatlar əldə etmişik".

Oktyabrin 20-də Baden Badenən ən gözəl tarixi binalarının birində Azərbaycan Gecəsi keçirildi. Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın sığorta bazarı ilə bağlı təqdimat oldu. Tədbir iştirakçılarına ölkənin sığorta bazarının inkişafı, bazarın həcmi, sığorta şirkətlərinin fəaliyyəti və digər göstəricilər barədə geniş məlumat verildi. Azərbaycanın milli elementləri ilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış oldular.

"Yaşıl Kart"a qoşuluruq

Azərbaycan şirkətləri və qurumları forumun imkanlarından maksimum faydalanmağa çalışırdılar. Bəzi şirkətlər özlərinə yeni partnyorlar tapmaq, digərləri yeni mhsullar yaratmaq, bir qismi isə xarici bazarlara daxil olmaq üçün reytinqlərini yaxşılaşdırmağı müzakirə edirdi. Sığorta Forumunda Azərbaycanın beynəlxalq "Yaşıl Kart" sığorta sisteminə qoşulması da müzakirə edildi. İcbari Sığortalar Bürosunun (İSB) rəhbəri Elxan Quliyevin verdiyi məlumata görə, Sığorta forumu çərçivəsində İSB tərəfindən təkrarsığorta şirkətləri ilə danışıqlar aparılıb: "Bildiyiniz kimi, ötən ildən başlayaraq İSB və Sığota Nəzarəti Xidməti Azərbaycanın "Yaşıl Kart" sisteminə qoşulması üzrə Bürolar Şurası ilə danışıqlara başlayıb. Hal-hazırda onların tələblərindən biri də Azərbaycanın "Yaşıl Kart" öhdəliklərinin təkrar sığortalanmasıdır. Bununla əlaqədar olaraq biz 5-dən artıq broker və təkrar sığorta şirkətləri ilə danışıqlar aparırıq".

Qeyd edək ki, Bürolar Şurasının tələblərindən biri də Azərbaycanda icbari sığortalar haqqında qanunvericiliyə bəzi dəyişikliklərin edilməsidir. "Artıq İSB tərəfindən bu dəyişikliklərin layihəsi hazırlanaraq Sığorta Nəzarəti Xidmətinə təqdim edilib. Yaxın vaxtlarda bu dəyişikliklər digər dövlət orqanları ilə razılaşdırmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq"-deyə E.Quliyev bildirib.

Azərbayanlıların Badenə baxışı dəyişib

Baden Baden şəhəri barədə "Şərikli çörək" filmindən eşidənlərdən fərqli olaraq Azərbaycanın sığorta şirkətlərinin nümaynədələri burada özgəsi sayılmırlar - artıq xarici partnyorlar onları ciddi qəbul etməyə, daha yaxın əməkdaşlıq qurmağa başlayıblar. "Görürlər ki, bizdə bu iş onlardan pis qurulmayıb, bazarımız da yaxşı inkişaf edir, xaricilər özləri də belə bazarlarla əməkdaşlıq etməkdə maraqlıdırlar"-deyə sığorta şirkətlərinin nümayəndələri vəziyəti izah edirlər. Ümumiyətlə, sığortkaçıların sözlərinə görə, əvvəllər Baden Badendə təkrar sığorta ilə əlaqədar keçirilən görüşlərdə sığort şirkətləri risklərinin təkrar sığortalanması üçün patnyor axtarırdılar, bu proses bu gün də davam edir. Amma son illər, xüsusilə də son 3 ildə kapitalın artırılması ilə bağlı həvəsləndirici tədbirlər nəticəsində sığorta şirkətlərinin kapitalları və risk tutumları xeyli artdı. Və bu gün artıq Azərbaycanda sığorta şirkətləri beynəlxalq reytinq alaraq özləri təkrar sığorta ilə məşğul olmaq istəyirlər. "Ümid edirəm ki, gələcəkdə biz bura yalnız öz risklərimizi yerləşdirmək məqsədilə yox, dünyanın müxtəlif yerlərindən risklərin alınması məqsədilə də müraciət edəcəyik"-deyə “Azərbaycan Sənaye Sığorta” şirkətinin idarə heyətinin sədri Rəşad Əhmədov Badendəki prioritetləri açıqlayıb.

Bir sözlə Azərbaycan şirkətləri gələcəkdə forumda iştirakı və xarici partnyorlarla əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər. Bunun üçün uzağı yox, hər il Badenə getmək kafayətdir. Elə ona görədir ki, Avropanın digər iri şirkətləri kimi, Azərbaycanın bəzi sığorta şirkətləri də, şəhərdəki otel nömrələrini bir neçə il əvvəldən bron ediblər. Necə deyərlər, özlərini evsiz qalmaqdan sığortalayıblar.