Analitika

07 July
3

Banklar kredit faizlərini artırdı

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1%-i keçməməsi barədə verdiyi göstərişdən 1 həftə keçir. Fins.az-ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub ki, bankların bir qismi komisyon haqqını 1%-ə qədər azaltsa da, bəzi banklarda vəziyyət dəyişməyib və onlar AMB-nin göstərişini sadəcə tövsiyyə kimi qəbul ediblər.

Mərkəzi Bankın göstərişini qulaqardına vurublar

Məsələn, aktiv kreditləşmə ilə məşğul olan “AGBank”da komisyon haqqı 5,5-9,5%, “Bank BTB”də 4-6%, “Parabank” və “Rabitəbank”da 2%, “Muğanbank”da 6-11%-dir. “Amrahbank”, “Bank of Baku”, “Bank Respublika”, “Bank Silk Vey”, “Bank Nikoil”, “Turanbank”, “Unibank”, “Yapı Kredi Bank Azərbaycan” isə komisyon haqqını 1%-ə endirib.

Komisyon haqqını azaldıb, illik faiz dərəcəsini artırıblar

Bununla belə, araşdırma nəticəsində məlum olur ki, komisyon haqqını 1%-ə qədər azaldanlar əvəzində kreditlərin illik faiz dərəcəsini artırıblar. Məsələn, hazırda “Bank of Baku”da manatla kreditlər illik 35-39%-lə, dollarla kreditlər isə 34-38%-lə verilir. Halbuki komisyon haqqını azaltmazdan əvvəl bank milli valyutada kreditlər 32-34%-lə, xarici valyutada kreditləri isə 28-30%-lə ayırırdı. Komisyon haqqını azaltmış “Unibank”da isə manatla kreditlər 32%-dən 40%-ə qədər, dollarla kreditlər isə 26-28%-dən 35%-ə bahalaşıb.