Analitika

21 August
1

Ucuz neft evləri də ucuzlaşdıracaq - ANALİTİKA

«Neft amili daşınmaz əmlak bazarına qayıdır, qarşıdakı müddətdə neftin ucuzlaşması daşınmaz əmlakın da qiymətdən düşməsinə səbəb olacaq. Fins.az-ın məlumatına görə, bu barədə «Value and Sources» konsaltinq şirkətinin Rəşad Əliyev bildirib. Fins.az hazırda əmlak bazarında baş verən proseslər və neft amilinin bu prosesə təsiri ilə bağlı ekspertin mülahizələrini təqdim edir:

«Daşınmaz əmlak bazarındakı ümumi vəziyyət yenidən qeyri-müəyyən olub. Halbuki payızda bazarın stabilləşməsi gözlənilirdi, çünki bütün mənfi amillər artıq qiymətlərdə əksini tapmışdır. Üstəlikdə hesab edilirdi ki, "böyük ipoteka" (ilin sonuna kimi ipoteka kreditləşməsinə 250 mln manat ayrılması) bazarda canlanma yaradacaq. Bank sektorundakı ümumi vəziyyət bazara necə təsir edib...

Bank sektorundakı vəziyyət artıq daşınmaz əmlak bazarına birbaşa və dolayısı ilə təsir edib. Söhbət həm ilkin bazardan, həm də təkrar bazardan gedir. İlkin bazara təsirlərdən ən əsası tikinti sektoruna yönələn ipoteka kreditlərinin həcminin məhdudlaşmasıdır. Bu isə bütövlükdə tikinti sektoruna mənfi təsir göstərib. Nümunələrdən biri 7 Hills layihəsidir. Beynəlxalq Bank həmin tikilən binadan ev alanlara ipoteka krediti verirdi və məlum səbəblərdən kreditləşmə dayandırılıb. Buna bənzər digər hallarda var. Söhbət dövlət ipoteka proqramından yox, bankların öz vəsaitləri hesabına həyata keçirdikləri ipoteka kreditləşməsindən gedir. Ümumiyyətlə bu sahədə Bank Technique və Beynəlxalq Bank böyük oyunçulardan biri idilər və onlar artıq bu bazarı tərk ediblər. Digər tərəfdən dövlət ipoteka kreditləşməsi ilə əlaqədar da problemlər yaranmışdı (məsələn, ümumi kredit həcminin azalması, ilkin ödənişin bəzi banklar tərəfindən qaldırılması və s.). Devalvasiyadan sonrakı dövrdə manat kreditlərinin məhdudlaşmasıda bazara öz mənfi təsirini göstərib.

Kapital bazar qayıtmır…

Maraqlısı odur ki, bank sektorunda narahatçılıqların meydana gəlməsi əmanətlərin daşınmaz əmlak bazarına yönəlməsinə stimul yaratmalı idi. Lakin bu baş vermədi...

Devalvasiyadan sonra əhalidə əhəmiyyətli həcmdə dollar kapitalı formalaşmışdır. Qiymətlərin aşağı düşməsi onlarda daşınmaz əmlak almağa stimul yaratmadı. Qiymətlərlə bağlı pessimist gözləntilər investorları bazardan kənar dayanmağı məcbur edir. Bunun digər səbəbləridə var. Əvvəldə qeyd etmişdik ki, daşınmaz əmlakın investisiya cəlbediciliyi xeyli aşağı düşüb.

Neft amili yeni güclə qayıdır...

Neftin qiyməti daşınmaz əmlak bazarına birbaşa və dolayı yolla təsir göstərir. İlin əvvəlində neftin qiyməti ən aşağı səviyyəyə enmiş və sonradan qalxmağa başladı. Fevral ayında devalvasiya baş verdikdən sonra iqtisadiyyat yeni şəraitə uyğunlaşmağa başladı. Daşınmaz əmlak bazarının yeni şəraitə uyğunlaşması mərhələsi çox gec çəkdi. Səbəb isə bazarda olan çaşqınlıqla yanaşı bir sira digər amillərin bazara təsir etməsi olub.

Aprel ayından iyul ayına iki neftin qiymətinin 60 dollardan yuxarı səviyyədə qalması makroiqtisadi sabitlik yaratdı. Neft amili artıq daşınmaz əmlak bazarından uzaqlaşmağa başlayırdı. Etiraf etmək lazımdır ki qiymətlərdə enmə davam edirdi, ancaq bunun 3 səbəbi var idi: 1. Devalvasiya zamanı bir sıra hallarda əsassız qaldırılan qiymətlərin əvvəlki vəziyyətə qayıtması. 2. Bazar yönələn pul axınının azalması. 3. Yay mövsümünün təsiri. Bu səbəblərin neft amili ilə bağlı olanı ancaq 2-ci səbəbdir.

Ancaq tam olaraq yox...

Mövcud qiymətlər həmişə iqtisadi şəraiti nəzərə alır. Yəni qiymət artıq ona təsir edən bütün mənfi amilləri özündə əks etdirir. Keçən ilin pik həddindən bu vaxtadək təkrar bazarda qiymətlər dollar ifadəsində orta hesabla 30%-ə kimi ucuzlaşıb. Ucuz əmlaklar daha az qiymətdən düşüb.

İyul ayında proqnozlaşdırılırdı ki, sentyabr ayında artıq qiymətlərin stabilləşməsi olacaq. Ancaq avqust ayının əvvəlindən artıq neftin ucuzlaşmasının 2-ci dalğası başlayıb və dünən artıq BRENT markalı neftin qiyməti 47 dollardan aşağı enib. Bunun daşınmaz əmlak bazarına təsiri neftin qiymətinin nə qədər aşağı düşəcəyindən və həmin səviyyədə hansı müddət qalmasından asılı olacaq. Daşınmaz əmlak bazarında qiymətlərin hazırki səviyyədə qalması üçün neftin qiyməti hazırki səviyyədən xeyli yüksək olmalıdır. Belə olmasa qiymətlər dollar ifadəsində düşməkdə davam edəcək. Neftin qiymətinin enişi qısamüddətli olsa, bunun bazara təsiri az olacaq Rəşad Əliyev Value and Sources konsaltinq şirkəti».