ANALİTİKA

06 Noyabr
5

Borclu vətəndaşlar banklardan necə qoruna bilər?

Manatın devalvasiyasından sonra problemli kreditlərin sayı artır. Neftin qiymətinin ucuzlaşması, vətəndaşların gəlirlərinin aşağı düşməsi, iş yerlərinin bağlanması kreditlərin ödənilməsini çətinləşdirib. Bankla vətəndaşlar arasında yaranan problemlər çox zaman məhkəmə müstəvisində həll olunsa da, bu üsul banklara o qədər də sərf etmir. Çünki məhkəmə prosesləri xeyli vaxt aparır. Hətta bankın xeyrinə məhkəmə qərarı çıxarıldıqda belə, qərarın icrası ilə bağlı problemlər yaranır. Bu səbəbdən, kredit borcunun gecikməsi zamanı bankların atdığı ilk addım borclunun maaş kartı varsa, krediti karta daxil olan vəsaitə yönəltməkdir. Əgər borclu maaşı kart vasitəsilə almırsa, bu zaman eyni hərəkət zaminə qarşı həyata keçirilir. Yaxud borcu olan şəxs təqaüdçüdürsə, kreditin ödənilməsi onun kredit kartına da yönləndirilir. Belə olan halda maaşın və ya təqaüdün böyük hissəsi, hətta tamı kredit borcuna görə kartdan avtomatik silinir.

Əkrəm Həsənov: "Kartdan yalnız yaşayış minimumu həddindən artıq qalan məbləğ çıxıla bilər"

Bu problemlə bağlı ictimaiyyətdə suallar yarandığı üçün, məsələ ilə bağlı bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənova müraciət etdik. Ekspert "Bizim Yol"a bildirdi ki, bankdan kredit götürmüş və ya kreditə görə zamin durmuş şəxslərin bir qismi maaşı həmin bankın verdiyi kart vasitəsilə alır. Bu, işəgötürənin bankla razılığı əsasında olur. "Bir qayda olaraq, kredit, zaminlik,kart müqaviləsində təsbit edilir ki, borclunun, zaminin banka borcu olarsa, bank həmin borcu kartdan silə bilər. Buna görə də kredit üzrə problem yaranan kimi bank borcu kartdan tutur. Nəticədə vətəndaş gəlirsiz qalır, dolanmağa, elementar ehtiyaclarını ödəmək üçün pul tapmır.
Əlbəttə, əgər vətəndaş maaşını başqa cür alsaydı (nağd şəkildə, yaxud digər bankdakı maaş kartı vasitəsilə), belə problemlə üzləşməzdi. Çünki bank məcbur olacaqdı ki, borclunu, zamini məhkəməyə versin. Məhkəmə də təbii ki, onun maaşının yalnız elə hissəsini tuta bilərdi ki, özünün və ailəsinin ehtiyaclarını ödəmək üçün vəsait qalsın. Bu halda banka qəpik-quruş çatacaqdı. Tutaq ki, vətəndaşın maaşı 500 manatdır, himayəsində həyat yoldaşı və iki uşağı var. "2015-ci il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manatdır. Beləliklə, həmin şəxsin ailəsinin yaşayış minimumu 496 manatdır (140+140+108+108). Deməli, banka ən yaxşı halda ayda cəmi 4 manat qalacaq. Vətəndaş sübut etsə ki, zəruri digər xərcləri də var (məsələn, ailə üzvündən kimsə xroniki xəstədir və daim müalicəsi üçün pul tələb olunur və s.), banka ümumiyyətlə heç nə çatmayacaq" - deyə Əkrəm Həsənov bildirdi.

Vətəndaş bank tərəfindən kartından maaşının tutulmasına necə son qoysun?

Əkrəm Həsənov deyir ki, vətəndaş məhkəməyə müraciət edərək maaşından tutulmanın yalnız yaşayış minimumu həddindən yuxarı hissədə həyata keçirilməsini tələb edə bilər. "Lakin bu, çox uzunmüddətli çəkişmə ola bilər. Buna görə də ən qısa yol ondan ibarətdir ki, vətəndaş işəgötürəndən tələb etsin ki, maaşını ona nağd və ya digər bankdakı hesabına köçürmə yolu ilə versin (yəni borclu olduğu bankın maaş kartını ləğv etdirsin). İşəgötürən bundan imtina edə bilməz. Çünki Əmək Məcəlləsinin 174-cü maddəsində deyilir:
"1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər."
Hətta işəgötürən bəhanə gətirərək desə ki, bu, onun xərclərini artırır, vətəndaş həmin xərcləri ödəyəcəyini bildirsin. Məsələn, tutaq ki, işəgötürən deyir ki, maaşı digər banka köçürmək üçün hər dəfə 3 manat məbləğində komisyon haqq ödəməli olacaq. Olsun! Vətəndaş yazılı şəkildə işəgötürənə icazə versin ki, həmin komisyon haqqı onun maaşından tutsun. Yuxarıda göstərdiyim misala qayıtsaq, bu halda banka hər ay sadəcə 4 manat əvəzinə 1 manat çatacaq" - deyə hüquqşünas bildirdi.

Pensiyaçılar problemlə bağlı DSMF-yə müraciət etməlidir

Ekspertin sözlərinə görə, eyni yanaşma pensiya/təqaüd kartlarına da aiddir. "Fərq ondan ibarətdir ki, məsələni işəgötürənlə deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə həll etmək lazım olacaq. Məlum olduğu kimi, onlar pensiya, təqaüd kartını verən bankı özləri seçir. Deməli, vətəndaşın acından ölməməsi üçün (bu, onların birbaşa vəzifəsidir) onun pensiyasını başqa yolla da verə bilərlər. Xüsusilə nəzərə alaraq ki, Prezidentin 2014-cü il 4 noyabr tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın 7.7-ci bəndində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının ödənilməsi sisteminin mütəmadi təkmilləşdirilməsi nəzərdə tutulur". Ekspert vurğulayır ki, vətəndaşlar belə olan hallarda hüquqlarının müdafiəsi üçün özləri müvafiq addımlar atmalıdırlar.
Mənbə: Bizimyol.info