ANALİTİKA

16 Dekabr
3

“Audotex” necə işləyir? – ARAŞDIRMA

2 aydan çoxdur ki, Azərbaycandakı sığorta şirkətləri “Audotex” qiymətləndirmə sisteminin xidmətindən istifadə edirlər. Fins.az-ın məlumatına görə, bəzi şirkətlər sistemin işindən razı olsalar da, bəziləri proqramın işinin hələlik qaneedici olmadığını deyirlər.

“Köhnə avtomobilə 500 manat ziyan dəyib, sistem 1500 manat hesablayır”

Sığorta şirkətləri bildirirlər ki, əsas problem Azərbaycan satılan bütün ehtiyat hissələrinin qiymətlərinin sistemə yüklənməməsidir. Məsələn, 1993-cü istehsalı olan avtomobilə 500 manat ziyan dəyirsə, sistem bunu 1400-1500 manat dəyərləndirir. Bu isə müştərilərin xeyrinə işləyir. Avtomobil sahibləri bundan istifadə edərək sığorta şirkətindən 1400 manat alırlar. Bunun 500 manatı təmir xərcinə gedir, qalan 900 manatı isə müştərilər qazanc kimi ciblərinə qoyurlar.

Bu vəziyyətdən adi avtoservislər - bokslar da yararlanır. Sığorta şirkətləri avtomobillərin ehtiyat hissələrinin çoxunun ikinci əl olaraq “avtomobil ölüxanaları”ndan alındığını bildirirlər. Lakin sistemdə belə ehtiyat hissələrinin yerləşdirilməməsi zərərin böyük məbləğdə hesablanmasına təsir edir.

“Usta pulunu az hesablayır”

“Audotex”in qiymətləndirmə sistemində sığorta şirkətlərini narahat edən digər problem ustanın əmək haqqının düzgün hesablanmamasıdır. Sığortaçıların verdiyi məlumata görə, sistem təmirə görə işçi xərcini az hesablayır. Məsələn, “Toyota Servis” avtomobilin 3 detalının rənglənməsini 570 manata həyata keçirirsə, sistem bu işə görə 300 manat ayırır. Bazarda isə bu qiymətə heç bir servis iş görmür. Son nəticədə sığorta şirkətləri ilə portnyor olan bəzi ustalar qiymətdə güzəşt etməli olurlar.

“Avtomobil ölüxanalar”ı “Audotex”dən ehtiyat edirlər

Məsələ ilə bağlı “Audatex-Azerbaijan” şirkətinin icraçı direktoru Zakir Kərimzadə fins.az-a bildirib ki, hazırda 300 avtomobil modelinin ehtiyat hissələri sistemə daxil edilib. Eyni zamanda 15 servislə əməkdaşlıq edilir. Lakin hələlik “avtomobil ölüxanalar”ı “Audotex” sisteminə qoşulmaq istəmirlər. Ona görə də sistemə ikinci əl avtomobillərin ehtiyat hissələri daxil edilməyib.

Onun sözlərinə görə, “avtomobil ölüxana”ları və digər ehtiyat hissələri mağazaları “Audotex”dən çəkinirlər. Düşünürlər ki, vergi və digər problemlərlə qarşılaşa bilərlər. Bundan əlavə eyni ehtiyat hissəsinə tələbat artdıqca onun qiymətini artıra bilirlər.Məsələn, ehtiyat hissəsi satıcısı bir detalı əvvəlcə 100 manata satırsa, tələbat artanda 120 və ya 150 manata təklif edərək daha çox qazanc əldə etmək imkanı qazanır. Lakin “Audotex”in qiymətləndirmə sisteminə standard qiymətlər əlavə olunmalıdır. Bundan əlavə ehtiyat hissələri əsasən Gürcüstan və Dubaydan gətirildiyindən qiymətlər də tez-tez dəyişir. Bir ehtiyat hissəsinə görə standard qiymət təyin etmək olmur. Bununla yanaşı “avtomobil ölüxana”larında satıcılar ehtiyat hissələrinin kodlara uyğun satılmasından xəbərsiz olduqları üçün sistemə ikinci əl detalların əlavə olunmasında problemlər yaradırlar: “Indiyə qədər kodla satış onlardan tələb edilməyib. Bu günkü bazar şərtləri isə bunu tələb edir”.

Z.Kərimov eyni problemlərlə digər ölkələrdə də qarşılaşıldığını deyib. Lakin zamanla “Audotex” sistemi formalaşaraq özünü doğruldur: “Azərbaycanda qiymətləndirmə sisteminin təkmilləşməsi 2 ilə başa gələcək”.

Zakir Kərimzadə:“Problemin həlli üçün “virtual anbar” yaradılmalıdır”

Z.Kərimzadə sadalanan problemin həlli üçün “Audotex” sisteminin xarici təcrübəsindən istifadə ediləcəyini bildirib. Belə ki,xarici ölkələrdə ikinci əl ehtiyat hissələri satan mağazalar "virtual anbar" yaradırlar.Proqramda ehtiyat hissələri haqqında tam məlumat yerləşdirilir və standard qiymətlər müəyyən edilir."Audotex" sistemi də proqramın məlumatlarından yararlanır.“Audotex” sisteminin təkmilləşdirilməsi üçün Azərbaycanda da ikinci əl ehtiyat hissələri ilə bağlı “virtual anbar” yaradılması vacibdir:“Bu ehtiyat hissələrini satan mağazalar satışda olan detallar haqqında məlumatları “virtual anbar”a əlavə etməlidirlər.Bundan sonra məlum olacaq ki, lazım olan ehtiyat hissəsi satışda var, yoxsa yox. Bu məlumatı sığorta şirkətləri də görə biləcək.Nəticədə köhnə ehtiyat hissələri ilə bağlı problem həllini tapacaq”.

Z.Kərimzadə hazırda “virtual anbar”ın yaradılması ilə bağlı ehtiyat hissələri mağazalarına təkliflər verildiyini bildirib.

“Sistem təmir xərclərini düzgün hesablayır”

Z.Kərimzadə sığortaçıların sistemin təmir xərclərini az hesablaması ilə bağlı iradları ilə razılaşmır. Belə ki, ustanın saatlıq əmək haqqı əməkdaşlıq edilən servislərin təmir xərcləri əsasında müəyyən edilir: “Çətin olsa da, əməkdaşlıq edilən servislərdə ustanın saatlıq əmək haqqı hesablanıb və sistemə əlavə edilib. Bu isə tamamilə normal qiymətlərdir”.