ANALİTİKA

29 Yanvar
2

Bu il hansı avtomobillər sürüləcək?- ARAŞDIRMA

Dolların bahalaşması nəticəsində xaricdən gətirilən bütün yeni avtomobillərin bahalaşması Azərbaycanda avtomobilə münasibəti də dəyişib. Avtomobil ekspertləri fins.az-a bildirirlər ki, yeni avtomobillərin xeyli bahalaşması və əhalinin də gəlirlərinin azalması satışların demək olar ki, dayanmasına gətirib çıxarıb. Artıq avtomobil almaq istəyənlər kiçik mühərrikli, qənaətcil və ucuz modellərə üstünlük verməyə başlayıblar. Belə olan halda isə avtomobil şirkətləri də əvvəlki kimi baha deyil, ucuz və tələbata uyğun olaraq qənaətcil modellərə üstünlük verəcəklər.

Avtomobildə Avropa düşüncəsi Azərbaycana gəlir

Avtomobil eksperti Fərid Məlikov fins.az-a bildirib ki, 2016-cı il kiçik, qənaətcil, dizel mühərrikli və mexaniki sürət qutulu avtomobillər ili olacaq. Artıq Avropada olduğu kimi bu il Azərbaycanda da kiçik avtomobillər maraq artacaq. Avtomobil alıcıları maksimum qiyməti 15-18 min manata qədər A, B, C kateqoriyalarında olan avtomobillər üstünlük verəcəklər. Məsələn, əvvəllər satılan 1.3 mühərrikli “Toyota Yaris” yenidən Azərbaycana gətiriləcək. Bundan əlavə, “Volksvagen Polo”, “KİA Rio”, “Reno Logan”, “Hyundai Accent”, “Hyundai i10”, “Hyundai i20”, “Chevrolet Spark” kimi kiçik avtomobillərə üstünlük veriləcək.

Mexaniki sürət qutuluları dəbdə olacaq

Avtomobillərin kiçik və ucuz olması ilə yanaşı, mexaniki sürət qutulu modellərə maraq artır. F.Məlikov bildirib ki, avtomat sürət qutulu modellər mexanikaya nisbət 2 l artıq yanacaq işlədir.Avtomobil alıcıları artıq bu amili də nəzərə alırlar. Məsələn, müştərilərdən biri bir neçə gün əvvəl müraciət edərək mexaniki sürət qutulu 1.4 mühərrikli 2005-ci il model “Toyota Corolla” avtomobilini aldı.

Varlılar dizel avtomobilləri sürəcək

Gəlirlərin azaldığı dövrdə artıq iri mühərrikli 20-25 litr yanacaq işlədən “Cip” sürmək varlılar üçün də çətin olacaq. Avtomobil eksperti bildirib ki, nisbətən ucuz avtomobillərlə yanaşı, böyük və bahalı avtomobillərin də dizel mühərrikli modellərinə üstünlük veriləcək. Artıq şəhər yollarında heç kim 20-25 litr benzin işlədən avtomobil sürmək istəməyəcək. Məsələn, varlılar “Toyota Prado”, 4.5l mühərrikli “Lexus LX”, “Mercedes GL 450” və digər böyük mühərrikli avtomobillərin dizel işlədən modellərini alacaqlar.

1.2-2.0 l mühərrikli ucuz avtomobillərə maraq artacaq

Avtomobil şirkətləri də kiçik mühərrikli, qənaətcil və ucuz avtomobillərə marağın artacağını bildirirlər. “Auto Azərbaycan” şirkətinin brand meneceri Rauf Cahangirov fins.az-a bildirib ki, bu il daha çox 1.2 -2.0 l mühərrikli avtomobillər ili olacaq. Qiyməti 17-27 min manat arasında aşağı sinif sedanlara maraq artacaq: “Buna “Hyundai Accent” və “Hyundai Elantra” modellərini də aid etmək olar”.