ANALİTİKA

27 Fevral
5

Texniki təminat tam nağdsız ödənişlərə keçidə imkan verirmi?

Ölkəmizdə nağdsız ödənişlərin səviyyəsi, bu istiqamətdə mövcud texniki təminat yaxın illərdə tam nağdsız ödənişlərə keçidə imkan verirmi? Birmənalı cavab belədir: xeyir. Bakı, Gəncə kimi böyük şəhərlərdə bu təminat var. Ölkə səviyyəsində desək, qətiyyən yox.

Fins.az xəbər verir ki, “Avropa oyunları”ndan təqribən bir il əvvəl Vergilər Nazirliyi bütün bankları yığaraq, Bakının rayonlar üzrə ticarət obyektlərini banklar arasında post-terminallarını quraşdırmaq məqsədi ilə bölüşdürdü və müəyyən tarixdə deadline qoydu. Avropa oyunlarından öncə şəhərimizin qonaqlarının rahatlığı üçün ayrı-ayrı sahibkarlar tərəfindən ticarət müəssisələrinin pos-terminallarla təmin edilməsinə təşəbbüs göstərildi, lakin bu gün müşahidə etdiyimiz vəziyyət odur ki, bir çox xidmət obyektində bu pos-terminallar bir dekorasiya kimi durur.

Təhlükəsizliyin təhlükəsi

Azərbaycanda yaşlı nəsil nağd ödənişlərə üstünlük verir. Cavanlar müasir texnologiyaya daha tez adaptasiya olduqlarından onların yeniliklərə yanaşması daha adekvat və müsbətdir. Onları narahat edən problem isə təhlükəsizliklə bağlıdır. Fins.az bildirir ki, Azərbaycanda plastik kartla aparılan kommunal və digər online ödənişlər yalnız kartın nömrəsi ilə həyata keçirilir, şifrə deyil.

Buna görə də Azəricard “3D Secure” təhlükəsizlik sistemini istifadəyə verib. Bu xidmətin müştəriyə verdiyi 3 rəqəmli şifrə təhlükəsizliyə tam zəmanət verir. Bundan başqa, Azərbaycanda üç prosessinq mərkəzi fəaliyyət göstərir: Milli Kart, AzəriCard və Kapitalkart. Öz növbəsində bu prosessinq mərkəzləri ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyət göstərir. Ölkə banklarının plastik kartları bu üç sistemdən birinə qoşuludur. Hazırda kart istifadəçiləri iki beynəlxalq ödəniş sisteminin plastik kartları arasında seçim aparırlar: Visa və Mastercard. American Express isə Azərbaycanda ele də rəqabət qazanmadı. Bu seçimdə isə əsas kriteriyalar müəyyən aksiyalar (kartla alış-veriş ilə lotereyada iştirak etmək, ya endirim qazanmaq) və kartın hansı valyutada istifadə edilməsidir. Ölkəmizin Paypala-a qoşulmaması xarici saytların təklif etdiyi məhsul və xidmətlərdən istifadəni məhdudlaşdıran amillərdən biridir.

Debet kartlar artır

Son statistik məlumatlara əsasən, ölkəmizdə debet kart istifadəçilərinin sayı günü-gündən artmaqdadır. Belə ki, istər özəl sektorda, istərsə də dövlət statusunda fəaliyyət göstərən müəssisəslərdə əmək haqlarının plastik kartlarla verilməsi, həmçinin, təqaüdlərin debet kartları ilə ödənilməsi bu prosesi daha da sürətləndirməkdədir. Həmçinin, şəxsi istifadə məqsədilə debet kart əldə etmək üçün müvafiq banka müraciət edən şəxs istər ölkədaxilində, istərsə də xaricdə debet kartından rahatlıqla istifadə edir və öz şəxsi büdcəsinə tam qaydada nəzarət edə bilir. Bunun üçün banklar öz müştərilərinə SMS-məlumatlandırma, İnternet Banking, Mobile Banking və s. xidmətlər təklif edir. Yuxarıda da qeyd edildiyi kimi, təklif edilən bir sıra əlavə kompaniyalar da əhali arasında debet kartlarından istifadəyə olan marağı artırmaqdadır. Son vaxtlarda əhali arasında plastik kartlarla bağlı maarifləndirmə tədbirlərinin aparılması, müxtəlif görüşlərin təşkili, reklamlar və s.kimi tədbirlər ölkəmizdə yaxın gələcəkdə debet kartlarından istifadənin səviyyəsinə və inkişaf perspektivlərinə öz tövhəsini verəcək. Hər halda tendensiya da bunu təqdiqləyir.