Analitika

19 July
2

Nağdsız pul dövriyyəsinin əhəmiyyəti

Dinamik inkişaf edən ölkəmizdə iqtisadiyyatın bütün sahələrində şəffaflıq və hesabatlılıq təmin edilir və müasir dünyada tətbiq edilən yeniliklərdən səmərəli şəkildə istifadə edilir. Aparılan məqsədyönlü islahatlar cəmiyyətdə baş verən neqativ hallara, o cümlədən vergidən yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edir.

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində qəbul olunan qərarlar və görülən işlər əhali üçün aydın şəkildə təqdimat olunmalıdır. Bu işdə KİV-lərin və iqtisadçı ekspertlərin (analitiklərin) üzərinə mühüm öhtəlik düşür. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində qəbul olunan qərarlar, bu işlə məşğul olan iş adamları arasında təşviq edilməli, qaydalarda edilən dəyişikliklərin əhəmiyyəti, dəyişikliklərdən hazırda və gələcəkdə nə dərəcədə yararlana biləcəkləri barədə onlar məlumatlandırılmalıdırlar.

Eyni zamanda vətəndaşlarımız da aparılan islahatlara dəstək olmalı baş verən neqativ hallara reaksiyaqabiliyyətli olmalıdırlar. İslahatlar bir başa vətəndaş cəmiyyətinə xidmət etdiyindən Ölkə başçısının da vətəndaşların dəstəyinə böyük ehtiyacı vardır. Aparılan islahatlar o zaman yüksək nəticə verəcəkdir ki, əhali görülən işlərin bir başa iştirakçısına çevrilsin. İllər öncə artan neft gəlirlərinin əhalinin həyat tərzində yaratdığı arxayınlıq və rahatlıq hislərini geridə qoymalı və zəhmətə alışmaq lazımdır.

Ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu Sahibkarlığın inkişafı sahəsində mühüm əhəmiyyətə malik olan qərarlardandır ki, ölkədə nağdsız ödəniş sisteminin genişləndirilməsi üçün geniş imkanlar açır. Nağdsız ödəniş sisteminin inkişaf etdirilməsi, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından da mühüm əhəmiyyətə malikdir.

Nağdsız ödəniş sisteminin inkişafı devalvasiyadan sonra ciddi maliyyə böhranı yaşayan maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi bazasının genişləndirilməsi baxımından vacib prosesdir. Bu zaman biznes subyektlərinin vergidən yayınmaların qarşısı alınır, büdcəyə daxilolmalar artır. Nəticədə iqtisadiyyat güclənir, büdcədən maliyyələşən təşkilatlarda çalışan vətəndaşların sosial rifahı güclənir. Nağdsız ödəniş sisteminin tətbiqi ilə vətəndaşlar ödəniş kartları vasitəsi ilə artıq ödəniş etmək riskindən xilas olur və korrupsiya-rüşvətxorluğa imkan yaradan hallar aradan qalxır, sahibkarlıq subyektlərində mənbəyi və təyinatı aydın olmayan nağd pul kütləsinin yaranmasının qarşısı alınır ki, bu da müxtəlif cinayətkarlığa şərait yarada bilərdi. İstənilən mülki və ya iqtisadi cinayətlərin istintaqı zamanı müəyyən olur ki, cinayətin baş verməsinə səbəb olan hal sərbəst nağd pul kütləsinin mövcud olmasıdır. Dövlət dövriyyədə olan nağd pul kütləsini nağdsız hesablaşma formasına salmaqla cinayətkarlıqla mübarizəni daha da sərtləşdirmiş olur. Nağdsız ödəniş sisteminin inkişafı xüsusi olaraq korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir.

İqtisadçı ekspert: Zahid Şaliyev