ANALİTİKA

18 Fevral
101

Fırıldaqların gözlənilməz tərəfi - Aldanmamaq mümkündür - FİNS

“Müştəri aldanmamaq üçün hotelin bronlaşma siyasətini oxumalı və tanış olmalıdır”

Fins.az xəbər verir ki, hazırda internet məkanından hotellərin, səyahətlərin, avtomobillərin, təyyarə biletlərinin bron edilməsi ilə məşğul olan kifayət qədər bronlaşma sistemləri var. İnsanlar çox zaman xarici ölkələrə səyahət zamanı istədikləri hotelləri və ya digər xidmətləri bu sistemlər vasitəsilə bron edə bilirlər. Bu xidmət çox vaxt müştərilərin ürəyincə olsa da, bəzən məyusluq doğurur.Bu barədə Sputnik yazıb.

Belə ki, sistemdə təmiz, təmirli kimi görünən hotelə getdiyiniz zaman, aydın olur ki, əslində, sistemə yerləşdirilən şəkillər 5 il öncəyə aid imiş. Getdiyiniz hoteldə təmir işləri aparılır, səs-küydən qulaq batır, standart adı ilə sizə verilən otaq çox darısqal və soyuq olur.

Bu azmış kimi, otaqdan imtina etmək imkanınız da olmur. Çünki ilk gecənin pulu bron etdiyiniz zaman kartınızdan çıxılır və geri qaytarılmır. Uzaqbaşı, hotel rəhbərliyindən otağınızı dəyişməyi tələb edə bilərsiniz. Yəqin ki, bu kimi halları yaşayan yüzlərlə insan var. Bəs, hotel seçərkən aldanmamaq üçün nə etmək lazımdır?

Turizm eksperti Ramin Zamanlı Sputnik Azərbaycan-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. Ekspert bildirib ki, müştəri hotellər üçün olan bronlaşma sistemlərində hər hansı hoteli seçərkən bir sıra amillərə diqqət yetirməlidir: “Hotel seçərkən əvvəlcə orada qalan müştərilərin fikirlərini öyrənmək lazımdır. Müştərilər hotelin təklif edildiyi səhifədə çox vaxt hoteldəki vəziyyət, xidmət haqqında öz şərhlərini qeyd edirlər. Və həqiqətən də hotel ürəkaçan deyilsə, müştərilər bu barədə şərhlərində yazırlar. Bu şərhlər müştəriyə hotel haqqında saytda yazılmayan məlumatları almağa kömək edəcək. Hotelin mənfi və müsbət tərəflərini həmin şərhlər vasitəsilə dəqiq öyrənmək mümkündür".

R.Zamanlı, həmçinin qeyd edib ki, müştəri aldanmamaq üçün hotelin bronlaşma siyasətini oxumalı və tanış olmalıdır: "Bu, çox vacib məsələdir. Çünki hotellərin bronlaşma siyasətində ödənişlə bağlı məqamlar yer alır. Burada ödənişin geri qaytarılması və ya qaytarılmaması, qaytarılarkən neçə faizi qaytarılır və s. məsələlər yer alır. Həmçinin orada bron neçə gün öncə cəriməsiz ləğv edilə bilər, cərimə varsa, nə qədərdir, cərimə hansı hallarda tətbiq olunur kimi məsələlər də qeyd edilir".

Ekspert onu da vurğulayıb ki, bronlaşma sistemindən hotel bron edərkən müştəri hotelin yerləşmə yerini də nəzərə almalıdır: “Bu, adətən müştərinin gedəcəyi yerlə əlaqəlidir. Müştəri sonradan "taksi" və digər nəqliyyatlara daha çox pul xərcləməmək üçün öncədən hotelin yerini plana uyğun seçməlidir".

R.Zamanlının fikrincə, bronlaşma sistemində hotel bron edən zaman hotelin yaşını da nəzərə almaq vacib məqamlardandır. Belə ki, hotel çox yenidirsə, personalında problem olma ehtimalı var. Əgər çox köhnədirsə, hotel təmirsiz ola bilər.

Ekspert onu da qeyd edib ki, hotel seçərkən hansısa bir beynəlxalq idarəetmə zəncirinə aid olub-olmamasını da araşdırmaq lazımdır: “Əgər hotel hansısa sınanılmış beynəlxalq hotel brendi tərəfindən idarə olunursa, demək, o hoteldəki xidmətə etibar etmək olar. Bu, o demək deyil ki, özünüidarə pisdir. Amma beynəlxalq brend ola bilmək müsbət haldır".