15 Noyabr

“Gəncə Avtomobil Zavodu” zərərdən mənfəətə keçib

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) 2018-ci ilin yekunları üzrə 1 milyon 20 min manat məbləğində xalis mənfəət (2017-ci ildə 553 min manat zərər olub) əldə edib. Bu barədə İB-nin maliyyə hesabatında deyilir.

Hesabat dövründə zavod 254 min 908 manat mənfəət vergisi ödəyib.

GƏLİRLƏRİ ARTIB

İstehsalat Birliyinin əsas əməliyyat gəliri 99 milyon 886 min manat (2018-ci ildə artım 28,7%) təşkil edib. İstehsal edilən məhsulun maya dəyəri isə 22,5% artaraq 90 milyon 624 min manat olub.

Nəticədə ötən il ümumi əməliyyat mənfəəti 9 milyon 262 min manat (artım 2,6 dəfə), xalis əməliyyat mənfəəti 1 milyon 275 min manat (2017-ci ildə 553 min 282 manat məbləğində zərər olub) təşkil edib.

ZAVOD BÖYÜYÜB

2018-ci ilin sonuna şirkətin aktivləri 58 milyon 430 min manat (artım 38,5%), öhdəlikləri 53 milyon 729 min manat (artım 30,5%) məbləğində qiymətləndirilir.

Ötən ilin sonuna şirkətin məcmu kapitalı 4 milyon 857 min manat, nizamnamə kapitalı 3 milyon 573 min manat təşkil edib.

Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir

2018-ci ildə zavodda 1303 ədəd MTZ traktoru, 697 ədəd traktor qoşqusu, 58 ədəd KAMAZ, 100 ədəd URAL, 9 ədəd HALLER məişət tullantıları daşıyan maşın və digər texnika istehsal edilib.

© İnterfaks-Azərbaycan