13 Noyabr

Mərkəzi Bank: "Yanvar-sentyabr aylarında Azərbaycanda təxminən 360 adda mal və xidmət növü bahalaşıb"

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik baza inflyasiya 2018-ci ilin sonuna qeydə alınmış 1,8%-ə qarşı 2,6% təşkil edib. Bu barədə fins.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

“Cari ilin yanvar-sentyabr aylarında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2018-ci ilə olan 1,8%-ə qarşı 2,6% təşkil edib”, - AMB-dən bildirilir.

Yanvar-sentyabr aylarında 520 adda mal və xidmətdən 119-nun qiyməti azalıb, 42-nin qiyməti isə dəyişməz qalıb. Beləliklə, 359 adda mal və xidmətin qiyməti bahalaşıb.

Eyni zamanda, inflyasiya qeydə alınan malların 55%-i üzrə qiymət artımı 2%-i ötməyib.

Hesabat dövründə AMB 4,25 min ev təsərrüfatı arasında inflyasiya gözləntilərinə dair sorğu keçirib. “Aparılmış sorğular əsasında müəyyən edilib ki, rəyi soruşulanların 41,2%-i gələcək 12 ayda qiymətlərin eyni səviyyədə qalacağını, 37.2%-i qiymətlərin daha az səviyyədə olacağını, 17,1%-i istehlak qiymətlərinin cari səviyyədə qalacağını və 2,1%-i inflyasiyanın azalacağını gözləyir”, - bankdan vurğulanır.

AMB-nin son proqnozlarına əsasən, Azərbaycanda qiymət artımı (+/-2) 4% səviyyəsində olacaq.

2019-cu ildə orta illik inflyasiya 3,8% səviyyəsində proqnozlaşdırılır.